Bir müddət əvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub. Lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, tələbələrə xüsusən ictimai nəqliyyatla bağlı ciddi güzəştlər edilməlidir:
“Hazırda Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 250 minə yaxın tələbə var. Onların 190 minə yaxını təkcə ali təhsil müəssisələrlərinin bakalavr və magistr pilləsində təhsil alır.
Təhsilin İnkişafı Fondu bir müddət öncə tələbələr üçün təhsil kartlarını dövriyyəyə buraxmağa başlayıb. Buna qədər təhsilə tabe təşkilatların, yəni universitetlərin fərdi qaydada öz tələbələrinə kartlar versə də, ən geniş yayılanı təhsil kartlarıdır.
Dünya təcrübəsində görürük ki, bir çox ölkələrdə tələbələr, xüsusən, ictimai nəqliyyatda və digər xərc çəkdikləri sahələrdə müxtəlif güzəştlərə malikdir. Hətta Türkiyədə tələbələrə ictimai nəqliyyatda çox yüksək güzəştlər tətbiq edilir.
“TələbəPlus” Təhsilin İnkişafı Fondu tərəfindən yaradılıb. Ən böyük gözləntimiz birmənalı şəkildə tələbələrə yeraltı və yerüstü nəqliyyatda, eyni zamanda, kafe və restoranlarda böyük güzəştlərin edilməsidir. Fondun apardığı danışıqlarla bəzi kafelər və dönərxanalar 10 faizə qədər güzəşt tətbiq edir, amma hesab edirəm ki, bu azdır. Çünki bu gün tələbələrin aldığı təqaüd onların ehtiyaclarının cüzi hissəsini belə ödəyə bilmir”.
Ekspert qeyd edib ki, təqaüdlərin məbləği xeyli aşağıdır:
“Hazırda Azərbaycanda 110 minə yaxın tələbə təqaüd alır, lakin onların aldığı təqaüd onların xərclərini cəmi 5-6 gün qarşılayır. Ona görə də bu kompensasiya olunmalıdır. Nəzərə alsaq ki, ictimai nəqliyyatın qiymətləri qalxıb, deməli, tələbələrin də xərcləri çoxalıb.
Tələbə kitab, dəftər və digər tədris materiallarını almalıdır, amma xərclərin çoxluğu onlar üçün ciddi problem yaradır. Bu baxımdan, “TələbəPlus” kartları yaxşı təşəbbüsdür və biz bundan faydalı istifadə etməliyik”.