Toyunda Manaf Ağayev oxudu, özünə şəhidlik arzuladı… – Şəhidimizlə bağlı MARAQLI FAKTLARbackend

Toyunda Manaf Ağayev oxudu, özünə şəhidlik arzuladı... - Şəhidimizlə bağlı MARAQLI FAKTLAR

Bu gün 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Pəncəli Teymurovun doğum günüdür. P.Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub.

KONKRET.az şəhid hərbçimizlə bağlı maraqlı faktları təqdim edir:

Əmisi Şirməmməd deyir ki, Pəncəli dünyaya gələn gün kəndə bir metr hündürlüyündə qar yağıb. Yeni doğulan körpəyə atası idmançı dostu Pəncəlinin adını qoyublar. Pəncəli orta məktəbi bitirdikdən sonra 1999-cu ildə hərbi xidmətə yollanıb. O, ordu sıralarında kəşfiyyatçı kursunu keçərək bu peşənin sirlərinə yiyələnib. Əsgəri xidmətini başa vurandan sonra o, işini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib. O, 17 il Azərbaycan Ordusunda xidmət edib.

2013-cü ildə ailə həyatı qursa da, onun övladı olmayıb. Müğənni Manaf Ağayevin də iştirak etdiyi toyda Pəncəlinin qeyri-adi çıxışı hamının təəccübünə səbəb olub. O, çıxışı zamanı özünə şəhidlik arzu edib:

“Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətən üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

2016-cı il Şanlı aprel döyüşlərində Pəncəli şəhid olandan sonra şəhidin toyundakı həmin çıxışı dillər əzbəri oldu. Hətta müğənni Manaf Ağayev onun məzarını ziyarət edərək qəbri üstündə “Vətən oğlu” mahnısını ifa etdi. Manaf Ağayev onda saytımıza açıqlamasında bildirdi ki, toydan aldığı pulu şəhidin ailəsinə geri qaytarmaq istəsə də, onlar bunu qəbul etməyib.

Pəncəli hələ bir əməliyyatla ölkə başçısı tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Belə ki, 2015-ci ilin 24 iyununda Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandalığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Aprel döyüşlərindəki xidmətlərinə görə isə ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib. Pəncəlinin adının yaşadılması üçün bu gün doğulduğu kənddə onun ev muzeyi tikilib. Muzeydə şəhidin şəxsi əşyaları və avtomobili saxlanılır./moderator.az/

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*