Bakının dənizkənarı restoranlarından birində Ağ Partiya sədri Tural Abbaslının guya toplantı keçirməsinə icazə verilmədiyi haqda yerli saytlarda məlumat dərc olunub. Məlumatda qeyd olunub ki, restoran bu gün keçirilməsi nəzərdə tutulan mərasimə əvvəlcə razılaşsa da, sonradan imtina edib.
KONKRET.az məsələni dəqiqləşdirmək üçün Ağ Partiya sədri Tural Abbaslı ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında partiya sədri yazılanların həqiqəti əks etdirmədiyini və heç bir qadağadan söhbət getmədiyini bildirib. Tural Abbaslı bildirib ki, toya dəvət edilənlərin sayı çox olduğundan, bu gün də məclis təşkil etmək üçün restoranla 3 gün öncədən razılaşdırılıb. Lakin karantinlə əlaqədar olaraq məclisdə iştirak edəcək şəxslərin hamısının adını portala daxil etməyə vaxt çatmadığı üçün mərasim baş tutmayıb.
Xatırladaq ki, Tural Abbaslının toyu dekabrın 21-də olub. Toya dəvət alanların sayı çox olduğundan digər mərasim isə dekabrın 22-nə təyin edilib. Partiya sədri sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə qurub.
Müşviq Tofiqoğlu
KONKRET.az
