Türk generaldan ANTİ-TERROR açıqlaması: Bakının səbri tükənib…backend

Türk generaldan ANTİ-TERROR açıqlaması: Bakının səbri tükənib...

“Hazırda söhbət təkcə Laçın şəhərinin Azərbaycanın nəzarətinə verilməsindən getmir. İrəvan 10 noyabrda imzaladığı sənədin müddəalarına əməl etmir. İrəvan danışıqlar masasında əlini gücləndirmək üçün Laçın dəhlizi, ərazilərin minalardan təmizlənməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlərin həlli istiqamətində müsbət addımlar atmaq istəmir”. 

KONKRET.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz son günlər Azərbaycan-Ermənistan münasibətlərində baş verən proseslərdən danışarkən deyib.

General-mayor Yücel Karauz bildirib ki, dolayısı ilə Laçın  şəhəri və əvvəlki dəhlizin keçdiyi yolun üzərindəki yaşayış məntəqələri ilə bağlı addımların atılmayacağı təqdirdə, 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs razılaşması pozulmuş sayılır:

“Bu, mənim şəxsi yanaşmamdır. Avropanı və Amerika Birləşmiş Ştatlarını ayağa qaldırmağa çalışan, Rusiyaya isə “məğlubiyyəti qəbul edəcəyəm, hər şərtlə razılaşıram, Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoyacağam” – deyən Ermənistanın baş naziri Nikol Paşinyan səhər başqa fikir söyləyir, axşam isə tamam fərqli açıqlamalar verir. Beləliklə, əgər atəşkəs razılaşmasına əməl edilmirsə, deməli, həmin üçtərəfli bəyannamə də qüvvədən düşüb. Beynəlxalq hüquqda da bu cür təsbit olunub. Belə olan halda Azərbaycan Ordusu və Azərbaycan dövlətinin bu məsələni öz milli güc ünsürləri ilə həll etməkdən başqa çıxış yolu qalmır. Azərbaycanın gücdən istifadə edərək bu məsələni həll etmək gücü və qərarlılığı, iradəsi də var. 10 noyabr razılaşmasından 18-19 aylıq bir zaman keçib. Ötən gün də mina partlayışı nəticəsində işğaldan azad olunan ərazilərdə 1 nəfər yaralandı. Ermənistan isə hələ də mina xəritələrini Azərbaycana qaytarmaq istəmir. Üstəlik, Qazaxın 7 kəndinin qaytarılması məsələsi də var”. Yücel Karauzun sözlərinə görə, bu kəndlər mütləq şəkildə qaytarılmalıdır:

“Amma İrəvan həmin kəndləri sərhədlərin demarkasiya və delimitasiya prosesinə daxil etməyə çalışır. Laçın dəhlizinə nəzarəti Azərbaycan etməlidir. Çünki bura beynəlxalq hüquqla Azərbaycan ərazisidir. Ermənistan bu məsələyə də barmaqarası yanaşır. Bütün bunlar 10 noyabr razılaşmasının ortadan qalxmasına əsaslı səbəblər yaradır. Azərbaycanın səbri qalmayıb. Bu problemlərin bir an əvvəl bitməsi üçün rəsmi Bakı istənilən addımı atmaq iqtidarındadır. Ermənistanın son addımları Azərbaycanın modernləşmə, turizm, iqtisadi inkişaf və digər istiqamətlərdəki regional layihələrin önünə keçməyə hesablanıb. Zaman baxımından Azərbaycanın gözləməyə gücü qalmayıb. İrəvan bütün bunları nəzərə alaraq öz addımlarını atmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*