Türkiyə futbolunda hakimlərlə bağlı araşdırma çərçivəsində Mərkəzi Hakimlər Komitəsinin (MHK) keçmiş sədri Ferhat Gündoğdunun həbsinin səbəbləri açıqlanıb.
KONKRET.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı “Hakimlər işi” adlı istintaq çərçivəsində Gündoğdu da daxil olmaqla 5 nəfər həbs edilib.
Məhkəmənin qərarında Gündoğdunun hakim təyinatları zamanı fərdi inkişaf və ləyaqət prinsiplərini nəzərə almadığı, hakimlərə aid şəxsi məlumatları qanunsuz topladığı və həmin məlumatlardan təyinat prosesində istifadə etdiyi bildirilib. İstintaq materiallarında bu məlumatlardan istifadə etməklə bəzi hakimlərin xidməti vəzifələrini yerinə yetirməsinə maneə yaradıldığı qeyd olunub.
İş üzrə ifadə verən bəzi hakimlər isə Gündoğdunun 2024-cü ildə vəzifəsinə qayıtdıqdan sonra 2022-ci ildə heyətdən çıxarılan, daha sonra Arbitraj Komitəsinin qərarı ilə bərpa olunan bəzi hakimləri yenidən siyahıdan kənarlaşdırdığını bildiriblər. Onlar bunu “intiqam əməliyyatı” kimi qiymətləndiriblər.
İfadələrdə həmçinin hakimlərin imtahan nəticələrinə və oyun təyinatlarına müdaxilə edildiyi, bəzi təyinatların klubların tələblərinə uyğun dəyişdirildiyi iddia olunub. Hakimlərə təzyiq göstərilməsi və şəxsi məlumatların istifadəsi ilə bağlı digər iddialar da istintaq materiallarında yer alıb.
Gündoğdu isə məhkəmədə ittihamları qəbul etməyib və özünü təqsirsiz hesab etdiyini bildirib.
KONKRET.az
