Türkiyənin xarici işlər naziri Davos forumunda Gürcüstanın NATO-ya inteqrasiya kursunu dəstəklədiyini bildirib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə Gürcüstanın Şimali Atlantika Alyansına üzv qəbul olunmasının tərəfdarıdır. TASS-ın məlumatına görə, bu barədə o, yanvarın 23-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “NATO-nun Gələcəyi” müzakirə sessiyasında bildirib.
“Mən başa düşmürəm, niyə biz Gürcüstanı dəvət etməmişik və ya Gürcüstan üçün NATO-ya üzvlük üçün Fəaliyyət Planı qurmamışıq? Gürcüstanın bizə ehtiyacı var və bizə belə müttəfiq lazımdır. Bununla əlaqədar olaraq, Türkiyə hesab edir ki, Alyans genişlənməlidir, Gürcüstan isə NATO-ya üzv dövlət olmalıdır”, – deyə Çavuşoğlu bildirib.
Öz növbəsində, Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarına təşəkkürünü çatdırıb:
“NATO-ya qəbul olunmaq yolunda Gürcüstana verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Mövcud çağırışlar fonunda sizin dəstəyinizin əhəmiyyəti ölkəmiz üçün vacibdir. Biz NATO-ya doğru seçdiyimiz yolda möhkəm dayanmışıq” deyə Zalkaliani Twitter-də yazıb.
Qeyd edək ki, Gürcüstan NATO ilə 1990-cı illərin sonlarından əməkdaşlıq edir, 2002-ci ilin noyabr ayında ölkə Prezidenti Eduard Şevardnadze Praqada keçirilən zirvə görüşündə respublikanın Alyansa üzv olmaq istədiyini bəyan etmişdir. Bunu növbəti prezident Mixail Saakaşvili də təsdiqləyib. 2012-ci ilin oktyabrında “Gürcü Arzusu” koalisiyanın qələbəsindən sonra hakimiyyətə gəlmiş yeni hökumət NATO-ya inteqrasiya kursunu davam etdirib. 2015 və 2016-cı illərdə Tbilisiyə səfər edən Alyansın baş katibi Yens Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını bəyan edib. Stoltenberq həmçinin vurğulayıb ki, Alyansın yaxın tərəfdaşları kimi Ukrayna və Gürcüstan siyasi və praktiki dəstək alacaqlar.
KONKRET.az
