Bu gün Azərbaycan xalqı həqiqətən də zəfərləri, qələbələri, dünya sivilizasiyasına verdiyi töhfələri ilə fəxr etməyə layiqdir. Bütün sahələrdə əldə etdiyimiz uğurlar yüksək milli-mədəni dəyərlərə, dərin tarixi köklərə, ənənələrə malik olan qədim bir xalqın əsrlər boyu keçdiyi şərəfli yolun davamıdır.Əminliklə deyə bilərik ki, hazırda respublikamız Avropa və dünya dövlətləri arasında dinamik inkişaf edən ölkə kimi öz layiqli yerini tutmaqdadır. Ümumiyyətlə, Azərbaycan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına ev sahibliyi edən, bir çox sahələrdə, xüsusilə də sülhsevərlik, humanizm, milli-etnik və dini dözümlülük sahəsində dünya dövlətlərinə nümunə olan bir ölkədir.Təbii ki, bütün sahələrdə olduğu kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti də özünəməxsusluğu ilə seçilir. Azərbaycanda mövcud olan demokratik şərait məhz gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik və dünyəvilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına əsaslı zəmin yaratmışdır. Qürurla deyə bilərik ki, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi, şanlı qələbəmizin qazanılması da ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin ən böyük təzahürüdür.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Əli Məmmədov bildirir ki, təmsil etdiyi qurum tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı sahəsində görülən işlər, respublikanın şəhər və rayonlarında bütün istiqamətlər üzrə keçirilən çoxsaylı tədbirlər, reallaşdırılan layihələr gənclərin hərtərəfli inkişafında müsbət dinamikaya səbəb olmuşdur.

“Xüsusilə də ölkədə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarının fəaliyyətinə dəstək verilməsi bu istiqamətdə öz töhfəsini vermişdir. Gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda tərbiyələndirilməsində, onlarda müstəqil dövlətçiliyimizə sədaqət hissinin aşılanmasında əlaqədar dövlət orqanları ilə birgə görülən işlərin müsbət nəticələri olmuşdur. Gənclərin ideya və təşəbbüslərinin stimullaşdırılması üçün yeni fəaliyyət proqramları hazırlanıb həyata keçirilmiş, onların ictimai-siyasi fəallığinin daha da artırılması, potensialının ölkədə gedən inkişaf proseslərinə yönəldilməsi üçün geniş maarifləndirmə və təbliğat işi aparılmışdır”.
Ə.Məmmədovun sözlərinə görə, respublikanın rayon və şəhərlərində “Gənclər evi” sosial xidmət müəssisələrinin istifadəyə verilməsi, idman qurğularının və olimpiya-idman komplekslərinin inşa edilməsi gənclərin sağlam həyat tərzinin formalaşmasına və onların asudə vaxtının səmərəli təşkilinə, yaradıcılıq potensialının stimullaşdırılmasına əvəzsiz töhfələr verir. İnformasiya-kommunukasiya texnologiyalarının tətbiqi istiqamətində ölkədə aparılan innovasiya siyasəti nəticəsində gənclərin internet resurslarından səmərəli istifadəsinə lazımi şərait yaranmışdır. İndiki dövrü gənclərin sosial şəbəkələrdə daha geniş imkanlar əldə etdikləri, onların fikir və ideya mübadilələrinin intensivləşdiyi dövr kimi də qeyd etmək olar.
Ötən dövr ərzində Azərbaycanın zəngin tarixinin, dövlət dilinin, mədəniyyət və incəsənətin, milli-mənəvi dəyərlərin təbliği işinə də xüsusi önəm verilmişdir. Müstəqil dövlətçilik ideyalarının mahiyyətinin gənclərə çatdırılması, milli dövlət rəmzlərinə hörmət hissinin yüksəldilməsi, onlar arasında tarixən azərbaycanlılara xas olan yüksək mənəvi-əxlaqi və insani keyfiyyətlərin aşılanması üçün müxtəlif təbliğat və təşviqat üsullarından səmərəli istifadə olunmuşdur.
Ə.Məmmədov qeyd edir ki, nazirlik tərəfindən gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir: “Şahin” hərbi-idman oyunu məktəblilərin hərbi xidmətə hazırlığının təmin edilməsində xüsusi əhəmiyyət daşıyan, onlarda Vətənin müdafiəsinə hər an hazır olmaq vərdişləri formalaşdıran əhəmiyyətli layihələrdən biri olmuşdur. Bu oyunlar kimi “Sərhəd” və “Gənc xilasedici və yanğınsöndürən” yarışları da ötən dövr ərzində gənclərin hərbi-fiziki hazırlığının yüksəldilməsinə öz töhfəsini vermişdir.
Eyni zamanda, Azərbaycanın tarixini, coğrafiyasını, ədəbiyyatını gənclərə daha yaxından tanıtmaq, onların intellektual inkişafını təmin etmək məqsədilə “Mən Azərbaycanlıyam” adlı milli bilik yarışması maraqlı telelayihələrdən biri kimi bu gün də həyata keçirilməkdədir. Layihənin virtual variantı isə xaricdə yaşayan gənc həmvətənlərimizə də iştirakçı olmaq imkanı vermişdir.
“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğinə xidmət edən məqsədyönlü ideoloji iş aparılır, milli ideoloji prinsiplərin cəmiyyətimizdə bərqərar olunmasında gənclərin rolu, vəzifələri və təşəbbüsləri ətraflı müzakirə edilir.
Dövlət rəmzlərinə hörmət hissinin gənclər arasında daha da artırılması məqsədilə ənənəvi olaraq keçirilmiş “Bayraq Festivalları” da gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsinə, onlarda dövlətçilik təfəkkürünün yetkinləşməsinə şərait yaradır.
Həmçinin, “Hünər” Vətənpərvərlik Mahnıları Festivallarında Azərbaycanı tərənnüm edən vətənpərvərlik ruhlu mahnılar təbliğ edilir. Əhəmiyyətli tədbirlər sırasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı təbliğat kampaniyasını da qeyd etmək olar ki, bu tədbirlərdə qəhrəman döyüşçülərin keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar verilir, cəmiyyətdə onlara böyük ehtiram və hörmət göstərilməsinin vacibliyi gənclərin diqqətinə çatdırılır.
Ötən dövr ərzində çağırışaqədərki dövrdə gənclərin hərbi-fiziki hazırlığının gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərbi hissələrdə görüşlərin, əsgər bayramlarının təşkil edilməsi ordu quruculuğuna töhfə baxımından əhəmiyyətli olmuşdur. Gənclərin müxtəlif sahələrdə qazandığı uğurların, onların düşüncələrinin, istedad və bacarığının geniş tamaşaçı kütləsinə təqdim edilməsi məqsədilə yayımlanan “Müasir Azərbaycan Gənci” (MAG) proqramı isə gənclərin maraqla izlədiyi telelayihələrdəndir”.
Ölkə rəhbərinin xüsusi diqqət və qayğısı sayəsində formalaşan dövlət gənclər siyasətinin ən böyük uğuru kimi 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdə gənclərin özünəməxsus rolunu qeyd etmək olar. Bu qələbə gənclərin vətənpərvərlik tərbiyəsinin, onların Vətənə bağlılığının, hərbi-fiziki və psixoloji hazırlığının, ideoloji sadiqliyinin, milli qürurunun, könüllülük hərəkatının əsas mahiyyətini bir daha təsdiqlədi.
Bəs görəsən, Vətən müharibəsi dövründə bu istiqamətdə hansı işlər görülüb?
Ə.Məmmədov bildirir ki, müharibə dövründə gənclərin vətənpərvərlik tərbiyəsi mövzusunda əsasən onlayn layihələr həyata keçirilmişdir:
“Vətən müharibəsinin başlanması ilə təxminən eyni vaxta təsadüf edən layihələrdən biri “Vətən Sağ Olsun-3” layihəsi olmuşdur. Əsas məqsədi gənclərin hərbi xidmətə və həbçi peşəsinə həvəsləndirilməsi, onlarda cəsurluq, mübarizlik kimi keyfiyyətlərin aşılanmasına xidmət edən layihə İctimai Televiziya vasitəsi ilə yayımlanmışdır. Həmçinin, bu dövrdə nazirlik, yerli gənclər və idman idarələri, Gənclər evləri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilmişdir. Xüsusilə də orduya yolasalma, yaralıların və şəhid olmuş hərbçilərin qarşılanması, dəfn olunması proseslərində yerlərdə gənclər yüksək fəallıq göstərmişdir. Keçirilən bayraq aksiyaları, onlayn təbliğat kampaniyaları, tanıtım və səfərbəredici videoçarxlar, xüsusilə də Azərbaycanın ədalətli siyasətinin dəstəklənməsinə yönələn kampaniyalar mütəşəkkil aparılmışdır. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, “Mənim Qəhrəmanım” adlı onlayn layihəyə start verilmişdir. Bu layihədə məqsəd döyüşlərdə şücaət göstərmiş qəhrəmanlarımızın, şəhid olmuş həmvətənlərimizin və qazilərimizin tanıdılması, onların keçdiyi şərəfli döyüş yolunun təbliğ edilməsi olmuşdur. Növbəti mərhələdə “Mənim Qəhrəmanım-2” adı ilə davam etdirilən layihədə isə həkimlərin, sürücülərin, polis əməkdaşlarının və digər peşə adamlarının pandemiya şəraitində qəhrəmanlıqlarını əks etdirən paylaşımlar edilmişdir”.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” fəlsəfəsi fonunda Azərbaycanda yaşayan bütün xalqların və dini konfessiyaların bir məqsəd uğrunda birləşməsini, həmrəylik nümayiş etdirməsini Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsi kimi dəyərləndirmək lazımdır. Bu baxımdan milli ideologiyamızın geniş təbliği işi artıq zərurətə çevrilmişdir. Ə.Məmmədov bildirir ki, azərbaycançılığın əsas mahiyyətinin gənclər arasında dərk edilməsi, onun sülhsevərlik və humanizm kimi ideoloji prinsiplərinin təşviq edilməsi işi də təmsil etdiyi qurum qarşısında duran mühüm vəzifələrdəndir. Həmçinin, dövlət dilinin kənar təsirlərdən qorunması, milli dövlət rəmzlərinin geniş təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi, gənclərin sosial şəbəkələrdən, internet resurslarından səmərəli istifadəyə təşviq edilməsinə xidmət edən innovativ layihələrin intensivləşməsinə diqqət daha da artırılmışdır.
2 fevral – Azərbaycan gəncləri gününün təsis edilməsinin 25 illiyi münasibətilə keçirilən Gənclər forumunda ölkə Prezidenti cənab İlham Əliyevin nitqindən və gənclərin suallarına cavablarından irəli gələn vəzifələr yeni yanaşmaları, daha çevik fəaliyyət mexanizmlərinin reallaşdırılmasını zəruri etmişdir.
Bu baxımdan gənclər siyasətinin prioritet istiqaməti kimi qarşıda duran vəzifələrindən biri də vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin müasir tələblərə, çağırışlara uyğun sistemli, çevik və məqsədyönlü şəkildə reallaşdırılmasıdır. Ə.Məmmədov qeyd edir ki, “Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin əhəmiyyətini, mahiyyətini, səbəblərini konkret faktlarla ölkə gənclərinə və dünya ictimaiyyətinə çatdırmaq, gənclərdə milli ruh, milli qürur hissini artırmaq, milli mənlik şüurunu inkişaf etdirmək, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq, bərpa işlərinə töhfə vermək üçün gəncləri səfərbər etmək, onları daim müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsinə hazırlamaq qarşıda duran mühüm vəzifələrdəndir”.
Hazırladı: Sevinc Paşayeva
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

