Ukrayna Prezidentinin Putinə TƏKLİFİ: Zelenski geri addım atır? – ÖZƏL AÇIQLAMAbackend

Ukrayna Prezidentinin Putinə TƏKLİFİ: Zelenski geri addım atır? - ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına verdiyi müsahibəsində bir sıra məqamlara toxunub. O, Donbas məsələsində dialoqa başlamaq üçün Rusiyanı qoşunlarını fevralın 24-dən əvvəl olduqları mövqelərə çəkməyə çağırıb. Ukrayna lideri əlavə edib ki, Rusiyanı işğal etdiyi ərazilərdən tamamilə çıxarmaq mümkün deyil, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq.

Bəs görəsən, Zelenskinin bu açıqlaması onun geri çəkilməsindən xəbər verirmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.

O bildirib ki, irəli sürülən şərt Ukraynanın geri çəkilməsi demək deyil:

“Martın son günlərində İşçi Qrupunun Türkiyədə növbəti görüşü baş tutacaq. Ukrayna və Rusiya tərəfdən danışıqlarda iştirak edən nümayəndələr İstanbulda görüşəcək. Ukrayna Prezidenti mətbuata verdiyi müsahibələrdə dəfələrlə qeyd edib ki, Rusiya ilə danışıqlara hazırdır. Son müsahibəsində isə Zelenski rus qoşunlarına fevralın 24-nə qədər olan sərhədlərə geri çəkilməsi ilə bağlı şərt irəli sürüb. Müharibədən əvvəl Donbas regionunun tərkibində olan Donetsk və Luqansk Rusiyanın nəzarəti altında idi. Ukrayna bu münaqişəli məsələni sonradan müzakirə etmək şərti ilə Rusiya ilə danışıqlara getməyə hazır olduğunu bildirib. Müharibə dövründə Rusiya Ukraynanın bir sıra ərazilərini də işğal edib. Hazırda Kiyev ətrafında, Mariupolda və bir sıra şəhərlərdə döyüşlər gedir. Bu mənada Ukrayna liderinin təklifi məqbul qərardır”.

Politoloq əlavə edib ki, Zelenskinin bu şərtini danışıqlara başlamaq üçün təşəbbüs kimi qiymətləndirmək lazımdır:

“Zelenski bildirib ki, Ukraynanın rus qoşunlarını Donetsk və Luqanskdan tam çıxarmağa çalışacağı təqdirdə Üçüncü Dünya müharibəsi qaçılmaz olacaq. Çünki bu baş verərsə, ABŞ və Avropa Ukraynaya kömək edəcək. Zelenski dünya müharibəsinin başlamaması üçün fevralın 24-nə qədər olan ərazilərə geri çəkilmək şərti ilə danışıqlara getməyə hazır olduğunu bildirib. Əslində bu heç də Zelenskinin geri addım atması mənasına gəlmir. Əgər o geri addım atmış olsaydı, Rusiyanın bütün təkliflərini müharibənin əvvəlində qəbul edərdi. Müharibə olmadan bu məsələ həll olunardı. Onun bu qərarını geri addım kimi yox, danışıqlara başlamaq üçün təşəbbüs kimi qiymətləndirmək lazımdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*