Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna liderləri Rusiya ilə müharibənin dayandırılmasına yönələn “ədalətli və davamlı sülh sazişi” üçün beş əsas şərt üzərində razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, birgə bəyanatda qeyd olunub ki, Avropa Ukraynanın dəyişməz müttəfiqi kimi istənilən nizamlanma prosesində mühüm rol oynamalıdır. Liderlər vurğulayıblar ki, bütün səylər Ukrayna, digər Avropa tərəfdaşları və ABŞ-la sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir.
Sənəddə ədalətli və davamlı sülh üçün aşağıdakı şərtlər irəli sürülüb:
* Rusiya Prezidenti Vladimir Putin dərhal və tam atəşkəsə razılıq verməlidir;
* Hazırkı təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güc yolu ilə dəyişdirilməməli, Ukraynanın ittifaqlara, o cümlədən NATO-ya qoşulmaq hüququ qorunmalıdır;
* Ukrayna üçün etibarlı hüquqi təhlükəsizlik zəmanətləri təmin edilməli və atəşkəsdən dərhal sonra beynəlxalq qüvvələrin yerləşdirilməsi nəzərdən keçirilməlidir;
* Rusiya aktivləri Moskva vurduğu zərəri tam kompensasiya edənədək dondurulmuş vəziyyətdə qalmalıdır;
* Sülh sazişi Avropanın təhlükəsizlik maraqlarını da əhatə etməli, Aİ və NATO ilə bağlı hər hansı qərar müvafiq qurumların və üzv dövlətlərin razılığı ilə qəbul edilməlidir.
Bəyanatda həmçinin Ukraynanın son döyüş uğurları, xüsusilə bəzi ərazilərin geri qaytarılması və pilotsuz uçuş aparatlarından innovativ istifadə yüksək qiymətləndirilib. Liderlər Rusiyanın Ukraynaya qarşı raket və dron hücumlarını, o cümlədən
“Oreşnik” raketlərindən istifadəsini və Rusiya pilotsuz aparatlarının NATO ərazisinə daxil olmasını pisləyiblər.
Tərəflər Ukraynaya dəstəyin davam etdirilməsi, NATO-nun Ukraynanın döyüş təcrübəsindən faydalanması və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə uzunmüddətli sənaye əməkdaşlığının genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Bundan əlavə, liderlər Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunun 4-də Vladimir Putinə ünvanladığı məktubda əks olunan danışıqlar yolu ilə müharibənin dayandırılması təşəbbüsünü dəstəklədiklərini bildiriblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
