Türkmənistanda un və digər məhsulların qıtlığı davam edir. Un almaq üçün bir çox vətəndaş qeydiyyatdan keçmək məcburiyyətində qalıb. KONKRET.AZ-ın Orta Asiya ölkələri bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Marıy vilayətində vəziyyət xüsusilə çətindir. Dövlət mağazalarının satıcıları unu yalnız siyahı ilə növbəli sistemlə satır. Artıq gələn aya növbə duranlar da var.
Sakinlər unu özəl mağazalardan problemsiz ala bilər. Ancaq bütün vətəndaşlardan bunu edə biləcək maddi gücü yoxdur. Dövlət mağazalarında bir kiloqram un 1 manata satılırsa, özəl dükanlarda bu, rəqəm 5-6 manat təşkil edir.
Qeyd edək ki, Türkmənistanda ərzaq çatışmazlığı müşahidə olunur. Yaz aylarında vəziyyət daha da pisləşib. Un və çörəklə yanaşı, digər ərzaq məhsulları da rəflərdən yoxa çıxıb.
Aşqabaddakı dövlət mağazalarında ərzaq qıtlığı tez-tez baş verir. Mütəxəssislərin fikrincə, bütün bunlar ölkədəki çətin iqtisadi vəziyyətlə əlaqədardır. Hakimiyyət isə ərzaq problemi ilə bağlı heç bir şərh vermir.
İldırım MUSAYEV
