Azərbaycanda ünvanlı sosial yardım almaq istəyən minlərlə ailə hər il müraciət etsə də, onların böyük hissəsi imtina cavabı ilə qarşılaşır. Xüsusilə, aztəminatlı və işsiz ailələr hesab edir ki, real ehtiyac içində olmalarına baxmayaraq, müxtəlif texniki meyarlar və kredit öhdəlikləri səbəbindən sosial dəstəkdən kənarda qalırlar.
Bəs ünvanlı sosial yardım müraciətlərinə ən çox hansı səbəblərə görə “yox” cavabı verilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, son illərdə ünvanlı sosial yardım müraciətlərinə mənfi cavab verilməsinin əsas səbəblərindən biri istehlak kreditləridir.

Onun sözlərinə görə, ünvanlı sosial yardım təyin edilərkən ailənin adambaşına düşən gəliri ehtiyac meyarı əsasında hesablanır:
“Əgər ailənin gəlirləri adambaşına düşən ehtiyac meyarından yüksək görünürsə, həmin ailəyə ünvanlı sosial yardım təyin edilmir. Hazırda ən ciddi problemlərdən biri bank olmayan kredit təşkilatlarından və müxtəlif platformalardan götürülən ani kreditlərdir. Məbləğ kiçik olsa belə, bu kreditlər ailənin maliyyə göstəricilərinə təsir edir”.
İqtisadçı qeyd edib ki, bir çox ailələr məişət texnikası, mebel, telefon və digər avadanlıqları kreditlə əldə edir:
“Bəzən ailənin real gəliri aşağı olur, amma kredit öhdəlikləri və sənədlərdə görünən maliyyə dövriyyəsi yüksək göstərilir. Hətta bəzi hallarda zaminlik və ya girov məsələləri də ailənin gəlir göstəricilərini şişirdir. Nəticədə sistem həmin ailəni sosial yardıma ehtiyacı olmayan kateqoriyada qiymətləndirir.
Ailə 4 nəfərdən ibarətdirsə, ən azı bir nəfərin rəsmi iş yerinin olması tələb edilir. Amma ölkədə işsizlik problemi var və bir çox ehtiyaclı ailə üzvü rəsmi iş tapa bilmir. Belə olduqda ailənin gəliri sıfır olsa belə, sosial yardım təyin olunmur”.
Razi Abbasbəyli regionlarda yaşayan ailələrin daha fərqli problemlərlə üzləşdiyini də bildirib. Onun sözlərinə görə, vətəndaşın adına pay torpağının və ya əkin sahəsinin olması avtomatik şəkildə məşğulluq kimi qiymətləndirilir:
“Hətta torpaq sahəsi kiçik olsa belə, sistem bunu gəlir mənbəyi hesab edir. Vətəndaş vergi uçotuna düşməli, hesabat təqdim etməli və sosial ödənişlər etməlidir. Amma gəliri olmayan və kiçik torpaq sahəsindən faktiki qazanc əldə etməyən insanlar üçün bu prosedurlar ciddi çətinlik yaradır.
Bəzi vətəndaşlar ehtiyacları olmadığı halda yüksək məbləğdə kredit götürərək öz maliyyə vəziyyətlərini daha da ağırlaşdırırlar.
Aylıq gəliri 300-400 manat olan ailələrin 3-4 min manatlıq telefon və ya digər bahalı məhsulları kreditlə götürməsi sonradan onların ünvanlı sosial yardım alma imkanını azaldır”.
Ekspert hesab edir ki, sosial yardım sistemində həm qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə, həm də vətəndaşların maliyyə savadlılığının artırılmasına ehtiyac var.
Aynurə İsmayıl
KONKRET.az
