Bankdan kredit götürən şəxsin vəfat etməsi bəzi hallarda onun ailə üzvləri üçün də maliyyə öhdəliyi məsələsini gündəmə gətirir. Xüsusilə belə hallarda vərəsəlik məsələsi mühüm əhəmiyyət daşıyır. Lakin şəxsin vəfat edən şəxslə ailə bağının olması avtomatik olaraq onun kredit borcuna görə məsuliyyət daşıması deməkdirmi? Vərəsəlik hüququ olmayan şəxsdən borcun tələb edilməsi nə dərəcədə qanunidir və bu sahədə qaydaların gələcəkdə yumşaldılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu istiqamətdə qanunvericilik və məhkəmə təcrübəsi baxımından müəyyən qeyri-müəyyənliklər mövcuddur.

“Vərəsəlik hüququnun tanınması anlayışı var. Vəfat edən şəxsin ailə üzvü olsa belə, əgər həmin şəxsə vərəsəlik hüququ tanınmayıbsa, onun kredit borcunun digər ailə üzvlərindən tələb edilməsi doğru yanaşma deyil.
Bəzən vərəsə olmadığı halda belə, şəxs yalnız ailə üzvü olduğu üçün vəfat etmiş şəxsin kredit borcuna görə məsuliyyət daşımağa məcbur edilir. Hesab edirəm ki, bu kimi hallar hüquqi baxımdan mübahisələndirilməlidir”, – deyə ekspert qeyd edib.
Razi Abbasbəylinin sözlərinə görə, problemin həlli üçün bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması vacibdir. Onun fikrincə, Ali Məhkəmənin məsələyə aydınlıq gətirən qərarının olması hüquqi mübahisələrin qarşısının alınmasına və vətəndaşların hüquqlarının daha effektiv qorunmasına kömək edə bilər.
“Bu məsələ uzun müddətdir müzakirə olunur. Lakin hüquqi aktların və Ali Məhkəmənin bu istiqamətdə məsələyə aydınlıq gətirən qərarının olmaması səbəbindən proses uzanır. Qanunvericiliyin sərt formada tətbiq edilməsindən banklar da sui-istifadə edə bilirlər”, – deyə iqtisadçı bildirib.
Ekspert hesab edir ki, belə hallarda vətəndaşların mülkiyyət hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şəxsin yalnız vəfat edən şəxslə ailə münasibətində olması kredit borcuna görə avtomatik məsuliyyət yaratmamalıdır.
“Bunun nəticəsində əsas hüquqlar – mülkiyyət toxunulmazlığı, mülkiyyət üzrə öhdəliklər və digər hüquqi prinsiplərlə bağlı pozuntu hallarının yaranması mümkündür. Vərəsəlik hüququ olmayan şəxsin yalnız ailə üzvü olduğu üçün borclu vəziyyətinə salınması düzgün deyil”, – Razi Abbasbəyli vurğulayıb.
İqtisadçının fikrincə, bu sahədə hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və vahid məhkəmə praktikasının formalaşdırılması həm banklarla vətəndaşlar arasında yaranan mübahisələrin azalmasına, həm də mülkiyyət hüquqlarının daha effektiv qorunmasına imkan verə bilər.
Məsələnin gələcəkdə qanunvericilik səviyyəsində yumşaldılıb-yumşaldılmayacağı isə yeni hüquqi mexanizmlərin tətbiqindən və məhkəmə praktikasının hansı istiqamətdə formalaşacağından asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
