Qarşıdan Novruz bayramı gəlir. Bayram münasibətilə şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil olunub. Lakin yarmarkaya baş çəkən insanlar qiymətlərin həddən artıq baha olmasından şikayətlənir. Bəziləri hətta bildirir ki, qiymətlər bazarlarda yarmarkadan daha ucuzdur. Bazarlarda və yarmarkalarda satılan eyni məhsulların qiymətləri arasındakı fərq nədən irəli gəlir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını aqrar məsələlər üzrə ekspert Altay İsmayılov cavablandırıb.
Ekspert bildirib ki, qlobal ərzaq inflyasiyası Azərbaycana da təsir edir:
“Yarmarkalarda bəzi məhsulların qiyməti hətta bazarlardan belə bahadır. Bunun bir qismi mövsüm amilləri ilə əlaqədardır. Lakin indiki halda qiymətlər bir qədər sabit deyil. Dünyada ərzağın, kənd təsərrüfatı məhsullarının qiymətində artım var. Azərbaycanda da müxtəlif marketlər şəbəkəsində, bazarlarda, yarmarkalarda mövcud şərtlərə görə, qiymətlər hər gün dəyişə bilir. Bu mənada istehlakçılar gündəlik ərzaq məhsullarının qiymətində müxtəlif artımlar müşahidə edir. Ötən həftə marketdə gördüyümüz bir məhsulun qiymətinin həftəsonu yarmarkada daha baha olduğunu görə bilərik. Qlobal ərzaq bazarında inflyasiya tendensiyası gedir. İnflyasiya prosesi ölkələrin daxili bazarlarına da təsir edir. Qida və kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə edilən bahalaşma bazarın qlobal proseslərə verdiyi reaksiyadır”.

Ekspert əlavə edib ki, qiymətlərdəki artımlar və dəyişkənlik qlobal faktorlarla yanaşı daxili faktorlarla da bağlıdır:
“İstər alıcı, istər satıcılar kifayət qədər məlumatlı deyil. Logistika sahəsində ciddi problemlər var. Daxili bazarda rəqabət şərtlərində məlumatlılıq önəmlidir. Bizdə isə bu sahədə boşluqlar çoxdur. İstehsalçı və fermerlərlə bazar arasında logistik imkanlar da yüksək səviyyədə deyil. Ona görə də, alıcılar belə fərqli qiymətlərlə üz-üzə qalır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
