“Xocalıya qayıdana qədər biz Ağdama 40-50 min adam yerləşdirməliyik” – İLGİNC QARABAĞ AÇIQLAMASIbackend

"Xocalıya qayıdana qədər biz Ağdama 40-50 min adam yerləşdirməliyik" - İLGİNC QARABAĞ AÇIQLAMASI

Hazırda Qarabağla bağlı vəziyyəti müxtəlif qüvvələr gərginləşdirməyə, sülh prosesinə və danışıqlara mane olmağa çalışırlar. Artıq 3 ilə yaxındır ki, müharibədə qələbə qazanmağımıza rəğmən, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin taleyi həll edilməmiş qalır. Bəs görəsən ekspertlər hazırkı prosesləri necə dəyərləndirirlər? Azərbaycan ordusunun Xankəndiyə nəzarət etməsi nə vaxt reallaşacaq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev Qarabağda bir neçə dövlətin marağının kəsişdiyini bildirib: “Bu səbəbdən də Qarabağ məsələsi tam həll oluna bilmir. ABŞ və Qərb Cənubi Qafqaza daxil olmağa və Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışır. Kreml isə heç bir halda regiondan çıxmağa niyyətli deyil. Rusiya-İran tandemi öz işini görür və siyasi nüfuzunu qorumağa çalışır. Gürcüstan yarımcan vəziyyətdədir. Ermənistan isə öz istiqamətini dəyişə bilmir. İrəvan ABŞ və Fransaya nə qədər meyl etsə də, Ermənistanın canı Rusiyanın əlindədir. Azərbaycan üçün də Rusiya kifayət qədər problem yaradacaq bir dövlətdir. Ona görə də, rəsmi Bakı qazandığı nailiyyəti itirməmək üçün asta hərəkət edir. Bu, düzgün siyasi metoddur. Prezidentimiz peşəkar və ağıllı siyasətçidir, oyunun qaydalarını beynəlxalq normalara uyğun şəkildə həyata keçirir. Bizi provakasiyaya çəkmək, Azərbaycanın hansısa addım atmasını təmin etmək istəyirlər. Yəni bizi ya Xocalıya, ya Xankəndinə, ya Xocavəndə, ya da Ağdərəyə hücuma sövq etməyə çalışırlar. Beləliklə də Qərbin missiyasının Azərbaycanı bu məsələdə ittiham etməsini istəyirlər. Çünki həm Hadrut, həm də Şuşa məsələsində onların maraqları Rusiya ilə üst-üstə düşür. Onsuz da Dağlıq Qarabağ adlı ərazi vahidi mövcud deyil. Xocalı məsələsinə gəlincə, imzalanan üçtərəfli bəyanata əsasən azərbaycanlılar öz ərazilərinə geri qayıtmalıdırlar. Amma Xocalıya qayıdana qədər biz Ağdama müəyyən qədər insan yerləşdirməliyik. Ən azından 40-50 min adam məskunlaşdırılmalıdır ki, digər məsələlər həllini tapsın”.

Razılaşma yoxdur, gərginlik davam edəcək” - Cümşüd Nuriyev Yeni Sabah

Politoloq əlavə edib ki, Azərbaycan istənilən vaxt Xocalını öz nəzarətinə götürə bilər: “Hadisələrin gedişatı göstərir ki, Rusiya artıq ABŞ-la üz-üzə gəlmək ərəfəsindədir. ABŞ öz maraqlarına uyğun olaraq Qafqazda ikinci cəbhə açmaq istəyir. Bununla da Rusiyanı daha da zəiflətmək niyyətindədir. Amma Azərbaycan tərəfi bu məsələləri görür. İndiki siyasi vəziyyət bizim üçün qəlizdir. Həm qardaş Türkiyə seçkilərə hazırlaşır, həm də zəlzələnin baş verməsi ciddi çətinliklər yaradır. Belə bir məqamda Azərbaycanın hansısa addım atması, bizə çox ciddi problemlər yarada bilər. Xankəndi, Xocalı məsələsini zaman bizim xeyirimizə həll edəcək. Yəni  Azərbaycanın siyasi mexanizmləri çoxdur. Tələsmək bizə baha başa gələ bilər. Buna görə də, İlham Əliyevin hazırkı mövqeyi çox doğrudur. Düşünürəm ki, bunun arxasında növbəti zəfərimiz olacaq. Sadəcə doğru zamanı gözləməliyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*