Xocalıya rekviyembackend

Xocalıya rekviyem

İmarət_Cəlilqızı, filoloq

Xocalı…

İnsanların göy altında

doğulmaqcün, yaşamaqçün

qurduqları yurd-yuvası.

Xoşbəxt olub gülmək üçün,

sevmək üçün, sevilməkçün,

vaxt çatanda ölmək üçün

qurduqları yurd-yuvası.

 

Sinəsinə doyunca baş

qoymadığı,

qucağından yetərincə

doymadığı

dağı, daşı, çölü, düzü—

halalı…

 

Bu fələyin bir məkandan

yüz məkana dağıtdığı,

inlətdiyi,

doğma ocaq həsrətiylə  ağrıtdığı,

göynətdiyi

köksüdağlı  insanların

ürəyinin ortasına topladığı

ürəyinin ortasına sapladığı

dərdi, qəmi, məlalı…

 

Bir kiçicik qızcığazın

nağılların dünyasından

kirpiklərilə  yığdığı,

məsum gözüylə baxdığı

alt dodağı yer süpürən,

üst dodağı göy süpürən,

nəfəsindən od püskürən

yeddibaşlı əjdahalar,

dəyirmandaşlı divlərin

gercəkləşmiş xəyalı…

(…köksü  üstdə   kitabının

qan naxışlı vərəqləri,

nağıl dolu kirpikləri

hürküdülmüş  bir yavrunun

aynasına dəhşət şəkli

həkk olunmuş bəbəkləri…)

 

Arzuların, ümidlərin

dünyasında fəsil-fəsil,

fəqət bu gerçək aləmdə

tək sətri də yazılmamış

bir məhəbbət  tarixçəsi.

 

Səksənərək xəyallardan

qopub düşmüş  nəvazişlər.

Donmuş soyuq cəsədləri

qar altında basdırılmış

neçə nakam sevgilinin

heç istisi soyumamış

yumuşaq ala yorğanı,

gülləbatmaz ruhlarıyla

qucaqlaşıb  göyə uçmuş

əbədi əhdi-peymanı,

dəlicə aşiq ruhların

güllələrlə şırımlanan

şaxtalı  qış səmasında—

odlu-buzlu cəhənnəmdə vüsalı.

 

Yaşamağa haqqı olan,

halal haqqı yandırılan,

halal haqqı dondurulan

alçaldılmış insanların

çatlamış gorları içindən ucalan,

illərlə cavabsız qalmaqdan qocalan

“Bizi niyə öldürdülər?!.” sualı.

 

Hələ  ölmək istəməyən

yüzlərlə nakam insanın

hələ gəlmək istəməyən,

güllə qabağında gələn əcəli.

 

Insanın öz həmcinsinə

cəkdirdiyi işgəncənin

Xirosima, Buhenvalddan,

Xatından daha dəhşətli,

yüz dəfə daha tutarlı misalı.

 

Xocalı…

Qocadan qoca tarixin

dünya binə olan  gündən

bəşəriyyət qarşısında

heç vaxt  əfv olunmayacaq

bağışlanmaz babalı!..

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*