Banklardan kredit almaqda çətinlik çəkən vətəndaşlar daha asan və sürətli müraciət imkanlarına görə bank olmayan kredit təşkilatlarına (BOKT) üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələrinin banklarla müqayisədə daha yüksək olması borcalanın ümumi maliyyə yükünü artırır.
Bəs BOKT-lərdə faizlərin yüksək olmasının əsas səbəbləri nələrdir və vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bankların kredit verməkdən imtina etdiyi şəxslər, əsasən, daha yüksək risk qrupuna daxil olan borcalanlardır:

“Banklardan kredit ala bilməyən şəxslər BOKT-lərə müraciət edirlər. Bankın kredit verməməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, şəxsin kredit tarixçəsində problem yaşanır və ya gəlirləri götürmək istədiyi kredit üçün kifayət etmir.
Mərkəzi Bank bankların kreditləşmə fəaliyyətinə ciddi tələblər müəyyənləşdirib. İstehlak krediti zamanı vətəndaşın aylıq kredit ödənişinin onun aylıq gəlirinin 45 faizindən çox olmaması kimi məhdudiyyətlər mövcuddur.
BOKT-lərin əsas xüsusiyyəti isə banklardan kredit ala bilməyən, yəni daha riskli müştərilərə maliyyə çıxışı yaratmasıdır. Risk yüksəldikcə kreditin qiyməti də artır. Buna görə BOKT-lərin faizlərinin banklarla müqayisədə yüksək olması müəyyən mənada risk amili ilə bağlıdır”.
İqtisadçı faizlərin yüksək olmasının digər səbəbinin BOKT-lərin maliyyə resurslarını daha baha cəlb etməsi olduğunu vurğulayıb:
“BOKT-lər banklar kimi vətəndaşlardan depozit cəlb edə bilmirlər. Onlar maliyyə vəsaitlərini əsasən banklardan kredit götürməklə əldə edirlər. Bank vətəndaşlardan, məsələn, 10-11 faizlə depozit cəlb edə bildiyi halda, BOKT bankdan həmin vəsaiti daha yüksək faizlə, məsələn, 14-15 faizlə cəlb edə bilər. Bu isə BOKT üçün maliyyə resursunun maya dəyərini artırır.
Digər tərəfdən, BOKT-lər əsasən kiçik məbləğli kreditlər təqdim edirlər. Kiçik kreditlər üzrə əməliyyat xərclərinin kredit məbləğinə nisbəti daha yüksək olur. Hüquqi xidmətlər, sənədləşmə və digər inzibati xərclər kreditin məbləği az olsa da, müəyyən qədər sabit qalır. Bu da nəticədə kreditin ümumi qiymətinə təsir göstərir”.
Xalid Kərimli hesab edir ki, vətəndaşların həddindən artıq borclanmasının qarşısının alınması üçün kredit bazarında tətbiq olunan tənzimləyici mexanizmlər mühüm rol oynayır. Onun sözlərinə görə, BOKT-lərin mövcudluğu vətəndaşların qeyri-rəsmi və daha riskli borclanma mənbələrinə üz tutmasının da qarşısını almağa xidmət edir:
“Vətəndaşın həddindən artıq borclanmasının qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən müəyyən məhdudiyyətlər tətbiq edilir. Burada əsas məqsəd həm kredit bazarının sağlam fəaliyyətini təmin etmək, həm də vətəndaşın ödəmə qabiliyyəti nəzərə alınmadan həddindən artıq kredit götürməsinə yol verməməkdir.
BOKT-lər ona görə yaradılıb ki, bankdan kredit ala bilməyən insanlar sələmçilər kimi qeyri-rəsmi və daha təhlükəli maliyyə mənbələrinə üz tutmasınlar. Buna görə BOKT sektorunun inkişafı da vacibdir. Əsas məsələ bu inkişafın sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri əsasında həyata keçirilməsidir”.
Aynurə İsmayıl
KONKRET.az
