Yapon dizaynerləri dünya okeanında suyun səviyyəsi qalxan zaman 40 min nəfəri qəbul edə bilən “Dogen City” üzən şəhərini təqdim ediblər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “N-Ark” şirkətinin tərtibatçıları qəsəbəni dəniz üzərində tibb şəhəri kimi təsvir edirlər.
Məlumata görə, “Dogen City”də tibbi turizm təklif ediləcək.
Plana görə, şəhər üç əsas hissədən ibarət olacaq:
Birincisi, su, kanalizasiya, enerji təchizatı üçün qurğuların və əsas yaşayış sahələrinin yerləşdiyi xarici halqadır. Halqanın içərisində sərbəst üzən binalar olacaq və sakinlərin özləri qayıqlarla şəhər ətrafına gedəcəklər.
Burada dünyanın yeganə sualtı məlumat mərkəzi də olacaq.
Dizaynerlərin dediyinə görə, şəhərin xarici çərçivəsi gəminin gövdəsinə bənzəyəcək və bu, sunamilərdən qorunmağa kömək edəcək.
Şəhərdə bir çox obyektlər, o cümlədən idman stadionu, üzən parklar, qəbiristanlıqlar, ibadət evləri və otellər yerləşəcək. Burada hətta təzə tərəvəzlər də yetişdiriləcək. Qəsəbənin ətrafı 4 kilometr olacaq ki, bu da sakinlərin bir saat ərzində şəhərin istənilən yerinə çatması üçün çox əlverişlidir.
Ehtimallara görə, qlobal istiləşmə kütləvi daşqınlara səbəb olarsa, şəhər 50 minə qədər insanı qəbul edə biləcək.
İqbal Rzayev,
KONKRET.az
