Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.
Bu barədə KONKRET.az FHN-ə istinadən xəbər verir.
Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
14:55
Xəbər verdiyimiz kimi, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
KONKRET.az xəbər verir ki, “SOCAR Downstream Management” MMC-dən bildirilib ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
Bildirilib ki, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub:
“Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb”.
Rəsmi məlumata görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
12:07
Sumqayıtda zavod yanır.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
