Ukraynaya 4 Avenger hava hücumundan müdafiə sistemi göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb. Bildirilir ki, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərib.
Pentaqon ABŞ istehsalı olan 4 Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq üçün Ukraynaya göndərildiyini açıqlayıb.
Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.
Humvee avtomobilinə quraşdırılmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir.
Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.
M-1097 Avenger hava sistemi 2001-ci ildə bütün dünyanı şoka salan 11 sentyabr hücumlarından sonra Vaşinqtonda Pentaqonun müdafiəsi üçün istifadə edilib.
“Washington Post”un yazdığına görə, Ukraynaya bu yardım Amerikanın hava hücumundan müdafiə imkanlarının azalması ilə bağlı narahatlıqlarını ifadə edən ABŞ müdafiə ekspertləri arasında müəyyən mübahisələrə səbəb olub.
Rusiyanın hava hücumları indiyədək Ukrayna üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin üçdəbirini məhv edib.
Ukrayna infrastrukturunun bir aydan çoxdur ki, ağır hücumlara məruz qaldığını bildirən prezident Volodimir Zelenski hər fürsətdə Qərb müttəfiqlərindən hava hücumundan müdafiə sistemi tələb edirdi.
Xuraman Etibarlı,
KONKRET.az
