“Zelenski ilə Putinin görüşü üçün demək olar ki, hər şey hazırdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın danışıqlar nümayəndə heyətinin rəhbəri David Araxamiya milli marafonun efirində bildirib.
Rusiya İstanbulda Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini Krım məsələsi istisna olmaqla, şifahi olaraq qəbul edib.
Eyni zamanda, Rusiya tərəfi sənədlərin layihələrinin prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.
Araxamiya qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.
Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə, potensial qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, Ukrayna üçün nüvə dövlətlərinin zaminlər qrupuna daxil olması vacibdir. Çinlə Ukrayna diplomatik kanallarla danışıqlar aparır, Çin ən az hazır olan dövlətdir, lakin Kiyev Çinin hələ də qarantlar qrupuna girəcəyini gözləyir.
Xuraman Etibarlı,
KONKRET.az
