Zəlzələ ölkəyə gətirilən türk tikinti materiallarının qiymətinə necə təsir edib? – AÇIQLAMAbackend

Zəlzələ ölkəyə gətirilən türk tikinti materiallarının qiymətinə necə təsir edib? - AÇIQLAMA

Türkiyədə baş verən güclü zəlzələ və yaşanan faciə nəinki qardaş ölkənin vətəndaşlarını, o cümlədən Azərbaycan əhalisini də sözün əsl mənasında təşvişə salıb. Xüsusən, Türkiyədəki təbii fəlakət nəticəsində uçub-dağılan binaların keyfiyyətsiz tikinti materialları ilə inşa edilməsi insanları həyəcan təbili çalmağa məcbur edir. Qardaş ölkədən Azərbaycana tikinti materiallarının gətirildiyini və binaların inşasında istifadə olunduğunu nəzərə alsaq, bu hal əhali arasında müəyyən bir narahatlıq yaradır. Bəs görəsən Türkiyədən Azərbaycana əsasən hansı tikinti materialları gətirilir? Ümumiyyətlə zəlzələdən sonra bu məhsulların qiymətində hansısa dəyişiklik müşahidə olunurmu? Yaxud alıcılıq qabiliyyəti hansı səviyyədədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən daşınmaz əmlak və tikinti üzrə mütəxəssis Elnur Azadov bildirib ki, sement, kərpic, beton və armatur kimi ağır materiallar heç vaxt bir ölkədən digərinə daşınmır: “Burada istisna hal armatur ola bilər. Yəni, dünyada bir neçə ölkə var ki, onlarda dəmir məhsulları çox istehsal edilir. Onlardan biri də Hindistan və Çindir. Bu ölkələr həmin məhsulu Ukrayna və Rusiyaya ixrac edirlər. Lakin Türkiyə dəmir istehsal edən dövlətlərə aid olmadığından, qardaş ölkədən Azərbaycana bu kimi inşaat materialları gəlmir. Armaturun 90 faizi yerli istehsaldır. Qalan 10 faiz isə zamanla Ukraynadan və Rusiyadan gəlirdi. Azərbaycan hazırda Türkiyədən az sayda inşaat materialları ixrac edir. Bu, əsasən bəzək avadanlıqlarıdır. Əsas inşaat materialları (beton, kərpic, armatur, sement və sair) daxili istehsal hesabına təmin olunur. Onların uzaq ölkələrdən gətirilməsi heç bizə sərf etmir”.

Elnur Azdov

Ekspert əlavə edib ki, bəzək avadanlıqları və digər materiallar Türkiyədən gətirilir. Çünki Türkiyə böyük bir istehsalçıdır və çeşidləri də çoxdur: “Amma zəlzələyə görə, orada olan inşaat, təmir və quraşdırma işlərinə tələbat çoxalıb.  Buna görə də, qiymətlərdə artımın baş verməsi mümkündür. Amma bu materialların çox az bir hissəsi Azərbaycana ixrac olunur. Məsələn, lift və onun müəyyən hissələri, bəzi elektrik və santexnika malları, kafel-metlax kimi məhsullar və az sayda kabellər bizim ölkəyə gətirilir. Əgər Türkiyədə sadaladığımız bu materialların qiyməti artsa, o zaman həmin avadanlıqların Azərbaycana gətirilməsinə maraq qalmayacaq. Çünki alternativ istehsalçılar və ölkələr var. Onlar arasında Çin, Koreya, Rusiya və İran əsas yer tutur. Tək-tək mallar var ki, qiymətlər artsa belə Azərbaycandakı bəzi sahibkarlar onu almaqda və ölkəyə gətirməkdə maraqlı olacaq”.

Mövzu ilə bağlı tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlar arasında da sorğu apardıq. Əldə etdiyimiz məlumatlardan aydın oldu ki, Türkiyədən gələn malların qiymətində heç bir artım yoxdur, alıcı qıtlığı isə yaşanmır. Əvvəllər hansı mallar Azərbaycana gətirilirdisə, indi də həmin materialların satışı həyata keçirilir. Sahibkarların sözlərinə görə, Türkiyədən əsasən müxtəlif boyalar və santexnika malları gətirilir, armatur, sement və digər bu kimi materiallara tələbat isə yerli istehsal hesabına qarşılanır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*