Laçında “Zerti” Aqrosənaye Parkında yerləşən mebel fabriki azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində böyük əhəmiyyətə malikdir. Bu fabrik bütün Qarabağ ərazisindəki quruculuq işlərində istifadə olunan mebellərin, qapıların və kiçikhəcmli inşaat materiallarının istehsalı ilə məşğul olur.
KONKRET.az-ın məlumatına görə, hazırda fabrikin 60-dan çox işçisi var. Onların 43 nəfəri isə Laçına köçürülən laçınlılardır.
Fabrikdə baş usta vəzifəsində çalışan Yusuf Aksüd “Report”un əməkdaşı ilə söhbətində qeyd edib ki, xüsusilə, Laçına köçürülən sakinlərin işlə təmin edilməsi fabrikin öncəliyidir.
“Mebel fabrikinin ölkə üzrə istehsal həcmi və keyfiyyət zəmanəti kifayət qədər yüksəkdir. Burada istehsal olunan mebellərin xammalı, materiallar Rusiya, Türkiyə və digər ölkələrdən idxal edilir. Bütün məhsullar burada tam hazır mebel vəziyyətinə gətirildikdən sonra Qarabağda bərpa-quruculuq prosesində iştirak edən şirkətlərin sifarişlərinə uyğun olaraq çatdırılır və quraşdırılır”, – baş usta deyib.


Həmsöhbətimiz onu da vurğulayıb ki, mebel fabrikində çalışan işçilər müəssisənin Xırdalan şəhərində yerləşən filialında xüsusi təcrübə keçiblər.
“Biz işçilərimizə, eləcə də laçınlılara orada əvvəlcə işi öyrətdik, onların istehsalat prosesində tam hazır şəkildə cəlb olunması üçün bütün məlumatlandırmanı təmin etdik. İndi onlar fabrikdə fəaliyyət göstərərək bacarıqlarını təkmilləşdirirlər. Gələcəkdə burada 150-yə yaxın işçinin çalışmasını, həmçinin bütün ölkə ərazisindən sifarişlərin rahat şəkildə qəbulu və çatdırılmasını həyata keçirə biləcəyik.
Onu da qeyd edim ki, artıq sakinlər bizim ustaların peşəkarlığına, mebellərin keyfiyyətinə güvənirlər. Ona görə də Laçın şəhəri, Zabux və Sus kəndlərində, o cümlədən digər azad olunmuş ərazilərdə mebellərlə bağlı usta məsləhətinə, hansısa xidmətə ehtiyacı olan sakinlər bizə müraciət edirlər, onlara fərdi şəkildə də köməklik göstərə bilirik”, – deyə baş usta qeyd edib.