Böyük Britaniyada siqaret çəkmək yaşının 21-ə qaldırlması gözlənilir. Birləşmiş Krallıq bununla 2030-cu ilə qədər siqaret çəkənlərin sayını 5 faizə endirməyi planlaşdırır. Azərbaycanda da siqaret çəkənlərin sayının çox olduğunu və bunun insan sağlamlığına zərərlərini nəzərə alsaq, bele bir qanunun ölkəmizdə tətbiqi zəruridir. Bəs bu, nə dərəcədə mümkündür və əgər qanun tətbiq edilsə effektiv ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Britaniyada siqaret çəkmək yaşının 21-ə qaldırılması yaxşı haldır: “Ancaq bu qanunun mexanizmləri çox önəmlidir. Çünki hər kəsə fərdi olaraq nəzarət etmək mümkün deyil. İnanmıram ki, bizdə bunun tətbiqi effektiv olsun. Mənə belə gəlir ki, evdə və ya hansısa qapalı məkanlarda siqaret çəkən insanı güdmək olmaz. Mən əhalinin çox olduğu yerlərdə (məktəb və sair) 18-20 yaşındakı insanlara siqaret çəkməyi qadağan etməyin tərəfdarıyam. Amma evində və ya sanitar qovşaqda siqaret çəkən insana nəzarət etmək mümkünsüzdür”.

Millət vəkili əlavə edib ki, istənilən qanunu qəbul etmək olar, ancaq bunun icra mexanizmi vacibdir: “20 yaşına qədər olan bütün uşaqların arxasınca polis salmaq olmaz. Görürük ki, narkotiklə mübarizə yüksək səviyyədə aparılır. Amma yenə də gizli və gözdən uzaq yerlərdə istifadə edirlər.
Elə etmək lazımdır ki, bundan istifadə halları azalsın. Siqaretin istehsalını artırırlar. Bu isə istifadəyə təsir göstərir. Lakin satışda məhdudiyyətlər tətbiq etməklə müəyyən mənada müsbət irəliləyişə nail olmaq mümkündür. Məsələn 18 yaşına qədər uşaqlara siqaret satılmamasının tərəfdarıyam. İndi televiziyalarda, KİV-lərdə siqaretin fəsadları təbliğ olunur. Lakin bununla yanaşı satışı artırırlar. Bütün bunlar ziddiyətli məsələlərdir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
