Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi Zeynəb Məmmədzadədən artıq bir aydır xəbər yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, iyulun 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş verib.
Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə başlayıblar.
Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilib. 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları hələ də nəticə verməyib. Onun itkin düşməsindən artıq 30 gün ötür.
