ABŞ-ın İsraildəki səfirliyi diplomatlara Qüdsə getməməyi tövsiyə edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ səfirliyi noyabrın 21-də HƏMAS üzvü tərəfindən bölgədə bir İsrail vətəndaşının öldürülməsindən sonra, səfirlik rəsmilərinə və onların ailə üzvlərinə Qüdsün Köhnə Şəhərinə getməməyi tövsiyə edib. Bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.
Radiostansiya ABŞ səfirliyinin sözçüsündən sitat gətirib: “Qüdsün Köhnə Şəhərində və ətrafında baş verən son təhlükəli hadisələrlə əlaqədar ABŞ hökumət rəsmilərinə və onların ailələrinə növbəti xəbərdarlığa qədər Köhnə Şəhəri ziyarət etməmək tövsiyə olunub” – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, Qüdsün Köhnə Şəhərində yerləşən fələstin qaçqın düşərgəsinin sakini avtomatdan atəş açmaqla bir İsrail vətəndaşını öldürüb, üç nəfəri isə yaralayıb. İsrail polisinin açdığı atəş nəticəsində fələstinli məhv edilib. Hücuma görə məsuliyyəti HƏMAS təşkilatı öz üzərinə götürüb.
Müşviq Tofiqoğlu
KONKRET.az