ABŞ “Qamçı”nın tutulması üçün elan etdiyi mükafatı qəfildən 5 dəfə artırdıbackend

ABŞ “Qamçı”nın tutulması üçün elan etdiyi mükafatı qəfildən 5 dəfə artırdı

ABŞ hakimiyyəti “Kolya Qırğız” və ya “Qamçı” ləqəbləri ilə tanınan qırğız kriminal avtoritet Qamçıbek Kolbayevin həbsinə kömək edəcək informasiyaya görə elan etdiyi mükafatı birdən-birə 5 dəfə artırıb.

KONKRET.az xəbər verir ki, cəmi 10 gün əvvəl ABŞ hakimiyyəti onun tutulmasına kömək edəcək informasiya üçün 1 milyon dollar mükafat təyin etmişdi, indi isə bu məbləğ 5 milyon dollara qaldırılıb.

“Bu gün Dövlət Departamenti Qamçıbek Kolbayevin həbsinə və ya mühakimə edilməsinə, yaxud onun cinayətkar qruplaşmasının maliyyə axınlarını pozmağa gətirib çıxaracaq informasiyaya görə elan edilmiş mükafatın 5 milyon dollara qədər artırıldığını elan edir”, -ABŞ xarici siyasət idarəsinin nümayəndəsi Ned Prays bildirib.

Dövlət Departamenti dəqiqləşdirir ki, 2000-ci ildə Kolbayev kriminal qruplaşmadakı iki keçmiş bossunu və daha iki nəfəri öldürməyə görə mühakimə edilib. Həmin cinayətlərə görə 25 il həbs cəzası alsa da 6 il sonra həbsxanadan qaçıb. 2007-ci ildə Dövlət Departamenti onu Qırğızıstanda kriminal qruplaşmaların ən nüfuzlu lideri kimi xarakterizə edib. Kolbayev 2008-ci ildə Moskvada “vor zakon” titulunu alıb. Onun “taclandırılması” mərasimində “Yaponçik” ləqəbli Vyaçeslav İvankov və “Ded Xasan” ləqəbli Aslan Usoyan da iştirak ediblər.

 

 

2012-ci ildə ABŞ xüsusi xidmət orqanları Kolbayevi dünyanın ən iri yeddi narkobaronundan biri elan edib. Habelə onun adı keçmiş sovet respublikalarından olan 10 “vor zakon”la birlikdə ABŞ-ın xüsusi sanksiyalarının tətbiq edildiyi kriminal avtoritetlər siyahısında yer alır.

2012-ci ilin dekabrında “Qamçı” Dubayda saxlanılıb və Qırğızıstana ekstradisiya edilib, burada adam oğurluğu, quldurluq və digər cinayətlərə görə mühakimə olunub. Lakin məhkəmədə şahidlərin hamısı “vor zakon”a qarşı ifadələrindən imtina ediblər, nəticədə ona təkcə bir maddə ilə 5 il 6 ay həbs cəzası vermək mümkün olub. Yuxarı instansiya isə cəza müddətini 3 ilə endirib.

 

“Qamçı” 3 ildən də az müddətə azadlığa çıxıb, fəaliyyətinə davam edib, amma ötən ilin oktyabrında Bişkekdə yenidən saxlanılıb. Ona qarşı cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək maddəsi ilə ittiham irəli sürülüb, daha sonra cinayət yolu ilə əldə edilmiş 3 milyon dolların yuyulması işini də bura əlavə ediblər.

Bu il martın 2-də isə “Qamçı”nın barəsində həbs qətimkan tədbiri dəyişdirilib, başqa yerə getməmək barədə iltizamla azadlığa buraxılıb. Bundan bir neçə gün əvvəl-fevralın 24-də ABŞ onun tutulmasına kömək edən informasiya üçün 1 milyon dollar mükafat təyin etmişdi. İndi isə “Qamçı” azadlıqdadır və ABŞ onun tutulması üçün təyin etdiyi mükafatı 5 dəfə artırıb. Şübhəsiz ki, ABŞ xəfiyyələri “Qamçı”nı hüquqi baxımdan Bişkekdə yaxalaya bilməzlər görünür onu Birləşmiş Ştatlar yuridiksiyası altında olan ərazilərdə həbs etmək planlarından söhbət gedir. /Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*