ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna ilə Rusiya arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin təşkili istiqamətində işlərə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Trampın tapşırığı ilə Kuşner və Uitkoff Rusiya-Ukrayna münaqişəsinə son qoymaq məqsədilə hər iki tərəflə genişmiqyaslı danışıqlar aparıblar.
Bildirilib ki, bu həftə Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi keçirilib. Həmçinin Trampın xüsusi nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə görüşlər keçiriblər.
Anna Kelli qeyd edib ki, növbəti müzakirələrə Avropa tərəfdaşlarının da cəlb olunması təmin edilib. Eyni zamanda, müharibə dövründə ən böyük əsir mübadiləsinin hazırlanmasına başlanılıb.
Günay Əli
KONKRET.az
