ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin oktyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) illik konfransı çərçivəsində görüşəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Oliviya Ueyls məlumat verib.
O, mediada daha əvvəl yayılan məlumatları təsdiqləyib.
Onun sözlərinə görə, ölkə liderlərinin tarixdə ilk üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarına nəzarət üzrə genişmiqyaslı sazişin hazırlanması olacaq.
ABŞ-ın yüksəkvəzifəli rəsmisi CNN telekanalına açıqlamasında bildirib ki, görüş zamanı hər hansı razılaşmanın əldə olunması gözlənilmir. Onun sözlərinə görə, bu təmas üç ölkə arasında, ən azı liderlər səviyyəsində, ilkin müzakirə mərhələsi olacaq.
The New York Post qəzetinin Tramp administrasiyasının nümayəndəsinə istinadən yaydığı məlumata görə, müzakirələrdə ABŞ-ın İrana qarşı müharibəsi və Şimali Koreya ətrafındakı vəziyyət də gündəmə gələ bilər.
Bununla belə, başqa bir amerikalı rəsminin sözlərinə görə, Ukraynadakı müharibənin başa çatdırılması məsələsinin liderlər tərəfindən müzakirə olunması ehtimalı azdır.
“Çin bu prosesin iştirakçısı deyil. Buna görə də burada Ukraynanı müzakirə etmək yersiz olardı”, – deyə o bildirib.
Qeyd edək ki, Putinlə Tramp arasında ayrıca ikitərəfli görüşün keçirilməsi planlaşdırılmır.
Günay Əli
KONKRET.az
