Az adam bilir ki, Rusiyada dünyaya gələn hər bir insan avtomatik olaraq FSB agentinə çevrilir. Sadəcə, özü bu barədə hələ xəbərsiz olur.
14 yaşına çatanda, hərbi qeydiyyata alınmaq üçün hərbi komissarlığa gedən həmin şəxsi xüsusi bir qapıdan içəri keçirirlər. Bir anda özünü liftdə görür. Lift isə onu yerin dərinliklərinə, yerli FSB idarəsinə aparır. Orada onun adına şəxsi iş açılır, müvafiq anket doldurulur.
Əslində, 14 yaşına qədər Rusiyada insanın ideoloji baxışları, demək olar ki, artıq formalaşmış olur. Onun kim olduğu, nəyə inandığı, hansı dəyərlərə üstünlük verdiyi bəllidir. Amma hər ehtimala qarşı əlavə yoxlama da aparılır.
Qarşısına iki seçim qoyurlar: ya kisel, ya da balqabaqlı latte.
Əgər kisel seçərsə, hər şey aydınlaşır: deməli, bu adam doğma, rus olan hər şeyi sevir – mənəviyyatı, pravoslavlığı, balalaykanı, “Polyüşko-pole” mahnısını, pelmenini, Stalini və Qaqarini. Beləliklə, o, Açıq FSB agenti statusu alır. Bundan sonra hamı kimi yaşayır: işə gedir, televizora baxır, gündəlik qayğıları ilə məşğul olur və NATO-ya nifrət edir.
Amma seçim balqabaqlı lattənin xeyrinə olarsa, vəziyyət tamamilə dəyişir. Bu, gələcək rusofobun, vətən xaininin və Qərb dəyərlərinə meyilli şəxsin əlamətidir. Deməli, o, kokaini, fahişələri, suşini və liberalizmi daha çox sevir. Belə şəxsi isə dərhal Gizli FSB agenti elan edirlər.
Onu Qərbə göndərirlər. Orada guya Putinə və Rusiyaya qarşı hər cür fəaliyyətlə məşğul olur. Açıq-aşkar rusofobiya nümayiş etdirir, mitinqlərə qatılır, blini yeməkdən imtina edir, “qanlı Putin” haqqında publisistik məqalələr yazır, kitablar nəşr etdirir, Ukrayna Silahlı Qüvvələri üçün dronlara pul toplayır, müxtəlif mediaya müsahibələr verir.
Hətta xüsusi olaraq xarici agentlər siyahısına da salınır ki, heç kimin ağlına onun əslində gizli FSB əməkdaşı olduğu gəlməsin.
Və nəhayət, bir gözəl gün – Putinin cəbhədə vəziyyətinin lap ağırlaşdığı, darmadağın məğlubiyyətin qaçılmaz göründüyü bir vaxtda – həmin Gizli FSB agentinə Lubyankadan şifrəli teleqram gəlir.
Teleqramda cəmi bir söz yazılır: “AÇIL!”
Bundan sonra o, hansısa ağlasığmaz təxribat törədir. Hamı təəccüblə qışqırır:
“Ah, Kreml konservi açıldı!”
Beləcə, hər şey öz yerini tapır. Onun bütün əvvəlki fəaliyyəti, guya müxalif mövqeyi, rus hakimiyyətinə qarşı çıxışları bir anda başqa cür yozulmağa başlayır. Məhz bu “xidmət” sayəsində Putin son anda darmadağın məğlubiyyətdən xilas olur.
Gizli FSB agenti isə məmnuniyyətlə əllərini ovuşdurur. Çünki xidmətləri yüksək qiymətləndirilib: ona yeni hərbi rütbə – “FSB-nin baş praporşiki” verilib, üstəlik, qiymətli hədiyyə də təqdim olunub.
Hədiyyə isə iki cüt flanel ayaq sarğısıdır. Hər ikisinin üzərində Vladimir Putinin portreti var.
Beləliklə, Rusiyada hər kəs öz missiyasını yerinə yetirir. Sadəcə, bəziləri bunu açıq, digərləri isə gizli edir…
Müəllif: İqor Ponoçevnıy
Hazırladı: Natiq Səlim,
KONKRET.az
