Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMAbackend

Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA

İslam dinində insan cəsədinin yandırılmasına münasibət birmənalıdır. Dini qaydalara əsasən, müsəlman şəxsin meyitinin yandırılması qəbulolunmaz hesab edilir. Yalnız ciddi zərurət, xüsusilə də təhlükəli yoluxucu xəstəliklər zamanı bu addım istisna hal kimi nəzərdən keçirilə bilər.

Bəs müsəlman şəxs sağlığında meyitinin yandırılmasını vəsiyyət edərsə, bu istəyin dini baxımdan hüquqi qüvvəsi varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə, müsəlmanın cəsədinin yandırılması məqbul deyil. Onun sözlərinə görə, yalnız dəhşətli yoluxucu xəstəlik və ciddi zərurət yarandığı hallarda bu, məcburi tədbir kimi həyata keçirilə bilər.

QMİ-nin səlahiyyətləri Dini Komitəyə verilməlidir - Tural İrfan | Hafta.az

İlahiyyatçı qeyd edib ki, özünü müsəlman hesab edən şəxsin dinin qaydalarına uyğun davranması vacibdir:

“Bəzilərinin mahiyyətinə varmadan meyitinin yandırılmasını vəsiyyət etməsi ya mənsub olduqları dini bilməməkdən, ya da dindən çıxmalarından irəli gəlir. Əgər insan müsəlmandırsa, bu dinin qaydalarına riayət etməlidir. Müsəlman olmayan şəxslərin isə öz inanclarına uyğun şəkildə dəfn olunmasına və ya meyitlərinin yandırılmasına heç kəs etiraz edə bilməz”.

Tural İrfanın sözlərinə görə, özünü müsəlman hesab edən şəxsin ölümündən sonra yandırılmasını vəsiyyət etməsi dini baxımdan etibarlı sayılmır. Belə bir vəsiyyət İslamın vacib hökmlərinə zidd olduğu üçün icra edilməməlidir. O, vurğulayıb ki, mərhumun yaxınları bu vəsiyyəti həyata keçirərsə, dini baxımdan günah qazanmış olarlar.

İlahiyyatçı əlavə edib ki, müsəlman cəmiyyətində meyitlərin yandırılması məsələsinin gündəmə gətirilməsi dini dəyərlərə ziddir. Onun fikrincə, bu müzakirələr xarici təsirlərin nəticəsində süni şəkildə aktuallaşdırılır.

Tural İrfan meyitlərin yandırılmasının hüquqi və kriminalistik baxımdan da bir sıra problemlər yarada biləcəyini bildirib. Onun sözlərinə görə, dəfn edilmiş şəxslərin qalıqlarının sonradan eksqumasiya olunması bəzən cinayətlərin araşdırılması, şəxsiyyətin müəyyənləşdirilməsi və tarixi faktların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Bəzən insanın dəfnindən illər sonra hansısa cinayətin üstünün açılması üçün meyit eksqumasiya edilir. Məhkəmə-tibbi ekspertizası bu yolla bir çox gizli cinayətlərin üstünü açır. Şəxsiyyəti və varlığı gizlədilən insanların, eləcə də bəzi tarixi şəxsiyyətlərin kimliyi və dəfn olunduqları yer də bu vasitə ilə müəyyənləşdirilə bilər. Buna görə də meyitin yandırılması müsəlman üçün gərəksizdir”, – deyə o, bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*