“Aksiyada iştirak edənlər masajxana, sauna və otellərin adamları idi”­­­­­­­­­ – Sərdar Cəlaloğlubackend

“Aksiyada iştirak edənlər masajxana, sauna və otellərin adamları idi”­­­­­­­­­ - Sərdar Cəlaloğlu

Məlum olduğu kimi, ötən gün bir qrup gənc feminist şəhərdə “8 marş” aksiyası keçirdi. Həmin aksiyada qaldırılan plakatlarda yazılan “Məmələrə azadlıq”, “Vagina mənimdir, kimə istəsəm verərəm” kimi şüarlar cəmiyyətimizdə heç də xoş qarşılanmadı.

Məsələylə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu KONKRET.az-a müsahibə verib.

– Sərdar bəy, feminizm haqqında qısa olaraq məlumat verməyinizi istərdim…   

– Əvvəla onu deyim ki, “feminizm”i Azərbaycanda düzgün başa düşməyiblər. Bu hərəkat təxminən 18-ci əsrdə başlayıb. İlk dəfə İngiltərədə yaranıb. Həmin dövrdə qadınların işləməsi qadağan idi. Belə ki, orada əri ölən və 6 uşaqla dul qalan qadın etiraz edir ki, “Mən övladlarımı işləmək hüququm olmadan necə dolandırım?!”. Bu etiraza qoşulanların sayı artıb və bundan sonra bu anlayış daha da genişlənərək Avropanın digər ölkələrində yayılmağa başlayıb. Daha çox fransız qadınları arasında yayılan bu anlayışın lideri Klara Setkin olub. Tarixindən çox şey danışmaq olar. Klassik mənada isə feminizm qadınlar və kişilərin eyni siyasi hüquqlara, əmək hüquqlarına malik olmasıyla bağlı bir hərəkatdır. Yəni hər hansı bir dövlətdə qadınlara yer verilmirsə, feministlər bu hüquqların bərpa olunması üçün mübarizəyə qalxır. Azərbaycan Konstitusiyasında vətəndaşlara verilən hüquqlar cinslərə görə ayrılmayıb, yəni qadın və ya kişi fərq etməz. Bizdə hamı seçki, əmək, təhsil və s. kimi hüquqlara malikdir. Azərbaycanda feminizm hərəkatına heç bir əsas yoxdur. Mən bununla bağlı vaxtilə çox geniş bir məqalə yazmışdım. Həmin məqalə AMEA-nın Fəlsəfə İnstitutunun məcmusunda çıxmışdı. “Cinslər hakimiyyəti” haqqında yazdığım bu məqalədə bir çox məqama aydınlıq gətirmişəm.

O ölkələrdə ki qadınlar parlamentdə, icra və məhkəmə strukturlarında, orduda, mühafizə orqanlarında kişilərə təxminən bərabər əsasda iştirak edir, o ölkələrdə tam demokratiya var deməkdir. İctimai-siyasi həyatda qadınların sayının azalması ilə ölkənin avtoritar olması arasında bir fərq var. Qadın psixologiyası ilə kişi psixologiyası bir-birindən  köklü şəkildə fərqlənir: Kişilər ekstensivdir, qadınlar isə intensiv varlıqlardır. Qadınlar müharibəni, döyüşü istəməzlər, kişilər isə əksinə, müharibə və döyüş istəyərlər.

– Məlum olduğu kimi, ötən gün özünü feminist adlandıran bir qrup gənc aksiya keçirdi. Həmin aksiyaya baxdığımızda orada qadınların hüquq azadlığından çox, şəxsi maraqların azadlığının tələb olunduğunu gördük. Sizin bu məsələyə münasibətiniz nədir?

– Mən əvvəl elə bildim ki, bunlar həqiqətən qadın zorakılığına qarşı aksiya edirlər. Amma görünən o oldu ki, bunlar öz şəxsi maraqları üçün aksiya ediblər. Bir şeyi etiraf etməliyik ki, Azərbaycanda xarici dövlətlərin bilavasitə qrantlarıyla, eləcə də daxildə olan bəzi dairələrin aktiv şəkildə iştirakı ilə xalqımızın mentalitetinin və adət-ənənəsinin korlanması sahəsində ciddi bir proses gedir. Bu nədir?! Bu, birincisi, milli dəyərlərə etinasızlıq, yad dəyərlərin mənimsənilməsi və s. Biz buna seksual inqilab deyə bilmərik. Çünki seksual inqilablar adətən sosial inqilabları müşayiət edir. Sadəcə bizə yad olan dəyərləri normaya çevirmək istəyirlər. Məsələn, bir oğlanı efirə çıxarıb danışdırırlar ki, “Nəyə görə oğlanlar evlənənə qədər cinsi təcrübə qazana bilər, amma qızlar qazana bilməz?”. Bir başqa verilişdə qızı efirə çıxarırlar ki, “Ümumiyyətlə, kəbinə nə ehtiyac var? Oğlanla qız bir müddət bir yerdə yaşasın və nə vaxt istəsələr ayrılarlar, nə vaxt istəsələr də birləşərlər”. Bu, bəlkə də kənardan adi hal kimi görünür, amma gələcək nəsillər üçün bu, həyat tərzinə çevrilə bilər. Çünki hər şey ilkin təbliğatdan başlayır.

Bu tərzdə tərbiyəsizlik və əxlaqsızlığın təbliğ olunması Azərbaycanda ailə institutunun və dövlətin dağılmasına, məhv olmasına planlaşdırılıb. Ailələrin dağılmasıyla sosial neqativ hadisələr arasında nə kimi bağlılıq olduğunu müqayisə etsək, görəcəyik ki, dövlətin, ordunun və  cəmiyyətin zəifləməsi, rüşvətxorluq, korrupsiya kimi halların artması ilə ailələrin dağılması arasında çox sıx əlaqə var. Sirr deyil ki, ailə dövlətin əsasıdır.

Fikir verin, biri çıxır tariximizi təhrif edir, biri çıxır Şah İsmayıl Xətaini aşağılayır, digəri çıxır milli mənsubiyyətimizi müzakirə mövzusuna çevirir, bir başqası şəhidlərimizə və milli-mənəvi dəyərlərimizə dil uzadır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində əxlaqsızlıq normal bir dəyər kimi dərk olunmur. Seksual azadlıq başqa, cinsi azadlıq başqa, əxlaqsızlıq isə tamam başqa bir şeydir.  Qadın azadlığı əxlaqsızlıqdan çəkinməklə ölkənin ictimai-siyasi həyatında iştirak deməkdir. Yəni qadın da insandır, onun da rasional ideyaları var. Cəmiyyətdə özünü təsdiq etmək, elmlə, mədəniyyətlə məşğul olmaq onun da haqqıdır. Əgər saydıqlarım qarşısında maneə varsa, bu, azadlığın boğulması deməkdir. Qadınların işsizlikdən, əməkhaqqının azlığından və s. əziyyət çəkdikləri heç kimə sirr deyil. Lakin bu heç bir halda əxlaqsızlığa gətirib çıxarmamalıdır.

Gəlin sizə maraqlı bir faktı deyim. Deməli, Azərbaycanın məhkəmə tarixində, 30-cu illərdə bir hadisə baş vermişdi. Belə ki, Səkinə adlı bir qız əxlaqsızlıq etdiyinə görə atası və qardaşı tərəfindən öldürülür. Daha sonra məhkəmə qurulur və hökumət bunların nəslində nə qədər kişi varsa hamısını güllələyir. O vaxtdan azərbaycanlılar qadın əxlaqsızlığına qarşı qəsdli şəkildə loyallaşdırılıblar. Bu, sovet hökumətinin siyasəti idi. Yəni ruslar bizə sadəcə dillərini təbliğ etməyiblər, eyni zamanda özlərinin əxlaqsızlıqlarını da təbliğ ediblər. Azərbaycanda rüşvətxorluq, korrupsiya, milli-mənəvi dəyərlərə zidd halların hər biri bizə rus imperiyasının bir növ “hədiyyəsi” idi…

– Aksiyadakı şüarlarla tanış olmusunuz?

– Bəli! Bu kimi hallara qarşı ciddi, sərt və amansız çıxış etmək lazımdır! “Məmələrə azadlıq” tipli əxlaqsız şüarlar səsləndirilən aksiyanın qadın azadlığı ilə heç bir əlaqəsi yoxdur, ola bilməz! Əksinə, qadının qul olması, onun seksual kölə olmasına qarşı vuruşmaq lazımdır. Çünki qadın insandır, qadın seksual obyekt deyil!

– Müsahibəmizin başlanğıcında avropalıların feminizm anlayışından danışdınız. Fərqlilik tam olaraq nədir?

– Avropada qadın hərəkatının əsasında qadınla kişinin təkcə hüquqi bərabərliyi yox, eyni zamanda əmək bərabərliyi durur. Qadınlar orada çalışırlar ki, ən ağır işdə işləsinlər. Kişiylə evlənməkdən, seksual obyekt olmaqdan imtina edirlər.

Bizdə adlarını feminist qoyanlar makiyaj da edir, bəziləri slikon da qoydurur. Bilirsiz niyə? Çünki kişi buna nəzər yetirsin, bu, kişidə seksual maraq oyatsın. Avropada feministlər əksinə, geyimlərində, davranış və hərəkətlərində elə edirlər ki, kişilər onlara nəzər yetirməsin.

Maraqlı bir misal çəkim. Tarixdə kişi adı daşıyan Jorj Sand adlı feminist yazar olub. O, romanlar yazır, restoranlarda oturub siqaret çəkirmiş. Heç kim öldüyü günə kimi onun qadın olduğunu bilməyib. Öləndə biliblər ki, Sand qadındır. Onun əsərləri çoxdur, lakin mənim oxuduğum və çox bəyəndiyim “İndiana” romanıdır.

Deməyim odur ki, AvropadakI feminizmlə bizdəki “feminizm” arasında heç bir oxşarlıq yoxdur. Bunlar feminizm adı altında əxlaqsızlığın yayılmasına çalışırlar.

– Hələ bir qismi seksual azadlıq da tələb edir…

– Seksual azadlıq tələb edənləri anlamaq olmur. Kiminsə əli, qolu bağlı deyil. Kim kiminlə istəsə görüşə bilər, lakin bu kimi əxlaq normalarına zidd davranışları küçəyə, cəmiyyətə və ictimaiyyətə daşımaq olmaz. Dünyanın heç bir yerində bunların başa düşdüyü seksual azadlıq yoxdur. Hətta Hollandiyanın özündə belə siz küçənin ortasında öpüşən oğlanla qız görə bilməzsiniz. 30-dan çox ölkədə olmuşam və onların heç birində parklarda, küçələrdə öpüşən, əxlaq normalarını pozan insanlar görməmişəm. İngiltərədə “Hyde” park var, ora istirahətə minlərlə insan gəlir. Baxırsan ki, oğlan və qız uzanıb kitab oxuyurlar. Bizdə isə əksinə, mən ailəmlə axşam parka çıxanda xəcalət çəkirəm, gördüyüm mənzərələrdən utanıram. Demokratiyanın mərkəzi Amerikada belə əxlaq polisləri var. Hansı ki, bunların tələb etdiyi seksual azadlıq orada qətiyyən ola bilməz! Orada otellərə qolu açıq qadınları buraxmırlar. Otellərində belə geyim qaydası var. Çünki əxlaqsızlıq bir dövlətin məhv olmasına, bir xalqın yox olmasına gətirib çıxarır. Azadlıq odur ki, ümumi cəmiyyətin qəbul etdiyi normalar daxilində yaşayasan. Yoxsa bunlar deyir, biz istədiyimiz yerdə istədiyimiz insanla cinsi əlaqəyə girək! Bu azadlıq deyil, bu, seksual xaosdur!

Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm. Bizdə “seks turizmi” inkişaf etdirilir. Biri var tarixi abidələr, mənzərələr, təbiət turizmi, biri də var seksual turizm. Hara baxırsan otel, masajxana, kabinetli restoranlar və s. Bunlar çoxdur, amma fahişələr azdır. Onda nə etmək lazımdır deyə düşünüb, belə əxlaqsız aksiyalar təşkil etdirirlər ki, diqqəti cəlb edib qadınları ailələrindən, uşaqlarından, məktəblərdən uzaqlaşdıraraq həmin aksiyalar vasitəsilə sözügedən yollara yönəltsinlər. Həmin aksiyada iştirak edənlərlə bağlı araşdırma aparsaq, görərik ki, hansısa masajxananın, saunanın və ya otellərin işçiləridir və ya həmin yerlərin müdirlərinin göndərdiyi adamlardır. Çünki onlara fahişə lazımdır. Fahişəliyi də təbliğ etməlisən ki, kənddən, rayondan və ya Bakıdan diqqətdən kənarda, ailə nəvazişindən uzaqda qalan qızları, qadınları bu yola yönəldəsən. Bunu da belə təbliğatlarla etməyə çalışırlar. Bunların istədiyi odur ki, Azərbaycan xalqı dünyada əxlaqsız və fahişə xalq kimi tanınsın. Vaxtilə Rusiya bizim üçün nə idisə, təəssüf hissi ilə deyirəm ki, belələrinə görə bu gün ərəblər, əfqanlar və pakistanlılar üçün də Azərbaycan odur.

Yadınızdadırsa, Qazaxıstanda ötən il bir hadisə yaşanmışdı. Ərəb şirkətinin əməkdaşı qazax qızının fotosunu paylaşmışdı. Həmin hadisədə qazax qızı təhqir edilmişdi. Buna görə həmin ərəbi döyüb öldürdülər, bütün ərəbləri isə ölkədən qovub çıxardılar.

Bizdə sürücülərin bəziləri ərəblərə qız daşıyır, “kişilərin” bəziləri “Tarqovı”da ərəblərə qız düzəldib pul qazanır! Mənim aldığım məlumata görə, öz xanımlarını ərəbə daşıyan sürücülər də var. Biz bunlarla hara gedirik?! Belə hallar getdikcə adiləşməyə başlayır, bu dözülməzdir!

– Sərdar bəy, həmin aksiyada qadınlarla birlikdə oğlanlar da vardı. Qadınları bildik, bəs bu oğlanlar nə istəyir?

– Bilirsiz, mən bunu daha əvvəl geniş şəkildə izah etdim. Həmin oğlanlar şəbəkənin təsirinə düşmüş oğlanlardır. Hansı ki, maraqlansanız bunlarda vətən, millət sevgisi yoxdur. Hətta bir qismi hərbi xidmətə belə yaxşı baxmır. Burada bir məsələ də əsasdır. Televiziya kanalları! Televiziya kanallarının əksəriyyətində xalqın əxlaqının ifrat dərəcədə pozulması üçün işlər görülür.

Məndə olan məlumata görə, 2012-ci ildə Eurovision mahnı müsabiqəsi vaxtı Almaniyadan Bakıya 3.500 maşın homoseksual gəlmişdi, burdakılarla birlikdə homoseksualların yürüşünü təşkil etmək üçün. Lakin xalq etiraz etdiyinə görə bu yürüş baş tutmadı. Ondan sonra gətirdikləri maşınları da paylayıb getdilər.

Bulvarda gül şəklində yeni bina tikilir. O binadan soldakı işıq dirəklərinə baxsanız, görərsiniz ki, hamısı yeddi rəngdə boyanıb. Həmin dirəklər homoseksuallığı əks etdirəcək formada hazırlanıb. Eynilə müəyyən binaların, pilləkənlərin rənglənməsində də bəzən həmin rənglərdən istifadə edilir. Bax, belə şeyləri bu şəkildə xalqın zehninə yavaş-yavaş nüfuz etdirmək istəyirlər.

Yəhudilər 4.000 il dövlətsiz yaşadılar, amma adət-ənənələrindən keçmədilər. Sonda elə bir ölkə qurdular ki, hər kəs onların ölkəsinə qibtə edir.

İstənilən xalqı məhv edən ilk meyar adət-ənənələrinin əllərindən alınmasıdır. Makiavelli deyib ki, “Əgər bir xalqı istila etmək istəyirsənsə, onun adət-ənənələrini dəyiş”.

– Azərbaycan gəncinə son olaraq nə demək istəyərdiniz?

– Azərbaycan gənci oyaq, ayıq və diqqətli olmalıdır! Adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, tarixinə, vətəninə sahib çıxmalıdır və qətiyyən belə hallara yol verməməli, yol verənlərə də doğru yolu göstərməlidir! Bura Azərbaycandır. Azərbaycan tarixən qəhrəmanlar yurdu olub. Bizim qəhrəman qadınlarımız olub, cəbhədə kişilərimizlə çiyin-çiyinə vuruşub, qəhrəmanlıq göstəriblər. Akademik, diplomat, rəssam, şair, yazar və s. qadınlarımız da olub ki, dəyərlərimizi, adətlərimizi qoruyub saxlayıblar. Xanımlarımız tarixdə silinməz izlər qoymuş həmin qadınlarımızdan örnək almalıdır.

Fəqan MUXTAR,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*