“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Öhdəlikdən icraya: İqlim və şəhərsalma tərəfdaşlıqları vasitəsilə sağlam və iqlim təsirlərinə davamlı şəhərlər” mövzusuna həsr olunmuş dəyirmi masa formatında Təsir Dialoqu keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib ki, bu gün əsas məsələ şəhərlərin iqlim fəaliyyətində rolunun tanınması deyil, iqlim öhdəliklərinin praktik və real nəticələrə çevrilməsidir.
Komitə sədri qeyd edib ki, şəhərsalma və ərazi planlaşdırılması iqlim hədəflərinin həyata keçirilməsində əsas vasitələrdəndir: “Milli iqlim hədəfləri o halda real olur ki, harada və necə tikdiyimizə, yaşayış məntəqələrini necə planlaşdırdığımıza, mənzil və infrastrukturu necə təmin etdiyimizə, insanların hərəkətini necə təşkil etdiyimizə, torpaq və təbii sistemləri necə idarə etdiyimizə, icmaları iqlim risklərindən necə qoruduğumuza təsir göstərsin. Bu da şəhər və ərazi planlaşdırılmasını icranın mərkəzinə qoyur. Planlaşdırma iqlim sahəsində qarşıya qoyulan məqsədlərlə investisiya arasında körpü rolunu oynayır. O, torpaq və infrastruktur üzrə əsas tələblərin uzlaşdırılmasına, müxtəlif sektorlar üzrə tədbirlərin əlaqələndirilməsinə, dövlət və özəl investisiyalarının daha davamlı və aşağı karbonlu inkişafa yönəldilməsinə imkan verir”, – deyə Komitə sədri vurğulayıb.
Anar Quliyev əlavə edib ki, effektiv iqlim fəaliyyəti milli prioritetlər, regional strategiyalar və yerli icra arasında işlək əlaqə tələb edir. Buna görə də çoxsəviyyəli idarəetmə sadəcə institusional prinsip deyil, icra üçün praktiki şərtdir.
Çıxışda COP29-dan WUF13-ə qədər iqlim və şəhərsalma gündəlikləri arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərə və COP29 çərçivəsində yaradılmış Şəhər İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyasının gələcəyi ilə bağlı məsələlərə də toxunulub.
“Biz Bakı Davamlılıq Koalisiyasını yalnız COP və WUF prosesləri arasında varisliyi qoruyan bir mexanizm kimi deyil, həm də hökumətləri, şəhər və regionları, beynəlxalq təşkilatları, maliyyə institutlarını, özəl sektoru, akademik dairələri və digər maraqlı tərəfləri ortaq prioritetlər və praktiki həllər ətrafında birləşdirən açıq dialoq platforması kimi görürük”, – deyə o bildirib.
Qeyd edilib ki, iqlim, mənzil, nəqliyyat, səhiyyə, tullantılar, infrastruktur və ya ətraf mühit siyasətlərinin ayrı-ayrılıqda fəaliyyəti ilə sağlam və iqlim təsirlərinə davamlı şəhərlər yaratmaq mümkün deyil. Bunun üçün ortaq prioritetlər, qarşılıqlı fəaliyyət, həmçinin sektorlar və dövlət idarəetməsi arasında daha güclü əlaqə zəruridir.
Çıxışda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” Proqramı böhrandan sonrakı yenidənqurma kontekstində nümunə kimi təqdim olunub:
“Azərbaycanın “Böyük Qayıdış” Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının uzunmüddətli ərazi transformasiyası prosesini nümayiş etdirir. Bu proses məkan planlaşdırılmasını, mənzil tikintisini, infrastrukturu, dövlət xidmətlərini və iqtisadi inkişafı, eyni zamanda davamlı məkan və ekoloji dayanıqlılıq prinsiplərini əks etdirir”.
Komitə sədri əlavə edib ki, COP31-ə doğru irəlilədikcə əsas məqsədlər çoxsəviyyəli idarəetmə, inteqrasiya olunmuş planlaşdırma, maliyyələşdirmə və tərəfdaşlıqlar vasitəsilə qlobal öhdəliklərlə yerli icra arasında daha güclü və ardıcıl əlaqə yaratmaq olmalıdır.

