Mərmər şəhərdə gördüklərim: Alman qonaq və yaxud “Azadə” üstündə mübahisə – Bir səfərin xatirəsibackend

Mərmər şəhərdə gördüklərim: Alman qonaq və yaxud “Azadə” üstündə mübahisə - Bir səfərin xatirəsi

I hissə

Səhv etmirəmsə, 2015-ci il idi. Astanada çalışırdım. Bir gün televiziyadan təcili tapşırıq gəldi: Türkmənistanın paytaxtı Aşqabada getməli idim.

Fadil Paşayev, Əməkdar jurnalist

Aşqabadda müxtəlif ölkələrin parlament rəhbərlərinin iştirakı ilə geniş bir iclas keçiriləcəkdi. Azərbaycanı həmin tədbirdə Milli Məclisin o vaxtkı sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdi. Çəkiliş qrupundan isə nümayəndə heyətinin tərkibinə yalnız mən daxil edilmişdim. Orta Asiya bürosunun rəhbəri kimi.

Protokola əsasən, əvvəlcə Astanadan Bakıya gəlməli, viza məsələlərini həll etməli, daha sonra nümayəndə heyəti ilə birlikdə Aşqabada uçmalı idim. Amma sonradan qərar dəyişdi. Mən nümayəndə heyətindən əvvəl Aşqabada getməli oldum.

Burada bir incə məqamı da qeyd edim: o vaxt Bakıdan Aşqabada birbaşa reys yox idi. Ona görə də biletimiz Almaniyanın “Lufthansa” aviaşirkətindən alınmışdı. Marşrut belə idi: Almaniyadan gələn təyyarə Bakıda dayanır, sərnişinləri götürür və sonra yenidən Aşqabada doğru havaya qalxırdı.

Beləcə, mən də o vaxt üçün kifayət qədər ağır sayılan, öz aramızda zarafatla “erməni meyiti” adlandırdığımız kamera və ştativimlə təyyarəyə mindim.

Təyyarəyə daxil olan kimi ilk diqqətimi çəkən mənzərə olduqca maraqlı idi. Qarşı sırada bir əcnəbi qadın, onun yaxınlığında isə mühafizəçi olduğu açıq-aşkar görünən bir neçə alman dayanmışdı. Onlar da məni başdan-ayağa qəribə şəkildə süzürdülər. Yəqin ki, iri kamera, çanta və bir az da yol yorğunluğu məni onlar üçün adi sərnişindən fərqləndirirdi.

Mən isə vəziyyəti yumşaltmaq üçün məktəb illərində öyrəndiyim alman dilindən istifadə etdim:

– Guten Abend! Yəni “Axşamınız xeyir!”

Başlarını tərpədib salamımı aldılar. Amma söhbəti davam etdirmək niyyətində olmadıqları hiss olunurdu.

Mən də özümü təqdim etdim. Jurnalist olduğumu, Aşqabada tədbiri işıqlandırmaq üçün getdiyimi söylədim. Həvəssizcə gülümsədilər.

Beləcə, Aşqabada qədər demək olar ki, boş təyyarədə sakitcə oturub reysin başa çatmasını gözlədim. Səhv etmirəmsə, uçuş təxminən üç saat çəkmişdi. Amma bu rəqəmə tam zəmanət verə bilmərəm. İllər keçdikcə yaddaş da özünəməxsus “redaktə” işi aparır. Aşqabada çatanda isə səfərin ilk sürprizi məni hava limanında gözləyirdi.

Təyyarədən düşəndə qarşımda xalılarla döşənmiş yol, rəsmi qarşılanma mərasimi və kifayət qədər ciddi görkəmli şəxslər vardı. Mən bir anlıq doğrudan da çaşdım. Dedim, görəsən, bu qarşılanma mənim üçün təşkil olunub? Əlbəttə, zarafat edirəm. Amma həmin mənzərə qarşısında bir anlıq adamın ağlına ancaq bu fikir gələ bilərdi.

Sonra məsələ aydınlaşdı. Sən demə, mənim mindiyim təyyarədə Almaniya kansleri Angela Merkelin müavini var imiş. Yanındakılar isə onun mühafizəçiləriymiş. Deməli, təyyarədəki həmin almanlar da təsadüfi sərnişin deyilmiş.

Ən maraqlısı isə bundan sonra baş verdi. Türkmən qardaşlarımız məni də alman nümayəndə heyətinin üzvü hesab edib rəsmi qarşılanma ilə birlikdə VİP salona apardılar.

Səfirliyimizin əməkdaşları isə məni adi salonda gözləyirmişlər. Görünür, bir müddət sonra onlar da məntiqli nəticəyə gəliblər: “Türkmənlər yəqin ki, bizim jurnalisti almanlarla səhv salıblar. Deməli, 100 faiz VİP salondadır”.

Məni tapanda artıq almanlarla dostlaşmışdım. Almaniya səfirliyinin əməkdaşları içdikləri şərablardan meyxoş olmuşdular deyə rəsmiyyət aradan qalxmışdı.

Türkmənlərlə isə çox rahat ünsiyyət qururdum. Onların dilini də kifayət qədər yaxşı başa düşürdüm. Hərdən rus dilinə keçirdilər. Onsuz da o mühitdə rus dili hələ də ünsiyyət vasitəsi kimi geniş işlənirdi. Sonradan başa düşdüm ki, orada hər şey göründüyündən bir qədər fərqli imiş.

Türkmənistanda təhlükəsizlik məsələləri son dərəcə ciddi idi. Demək olar ki, hər bir xarici qonağa ayrıca bir diplomat təhkim olunurdu. Təbii ki, onların diplomatik statusunun arxasında başqa funksiyalarının da olduğu hiss edilirdi.

Səfirliyimizin əməkdaşları bizi otelə gətirdilər. Amma bizi izlədiklərini hiss etmək o qədər də çətin deyildi. Haraya gedirdiksə, müəyyən məsafədən bizi müşayiət edən şəxsləri görmək mümkün idi. Əlbəttə,Türkmənistanda bu, qeyri-adi hal deyildi. Əksinə, gündəlik həyatın bir parçası təsiri bağışlayırdı.

Nə isə… Sabah bizi kifayət qədər gərgin iş gözləyirdi. Ona görə də yaxşıca dincəlməli idim. Otelə yerləşib istirahətə çəkildim. Səhər açıldı. Hələ otaqda tam ayılmamışdım ki, foyedən gələn fon musiqi diqqətimi çəkdi. Bir neçə saniyə qulaq asdım. Melodiya mənə o qədər tanış gəldi ki, dərhal ağlımdan bir sual keçdi: “Axı mən haradayam?”

“Qaçma məndən, ay Azadə,
Sevgi bu dünyanındır,
Qaçma məndən, ay Azadə,
Bir qız bir oğlanındır…”.

Hazırlıqdan sonra aşağı düşdüm. Resepşinə yaxınlaşıb salamlaşdım və təbəssümlə təşəkkür etdim:

– Çox sağ olun, səhər-səhər Azərbaycan mahnısı səsləndirirsiniz.

Qarşımdakı əməkdaş bir qədər təəccüblə mənə baxdı:

– Azərbaycan mahnısı deyil. Türkmən xalq mahnısıdır.

Mən də çaşdım:

– Necə yəni türkmən xalq mahnısıdır?

– Bəli, bizim xalq mahnımızdır.

Buradan sonra söhbət yavaş-yavaş mübahisəyə çevrildi. Mövzu artıq mahnıdan çıxıb tarixə, musiqiyə, dilə, yaddaşa gəlib çatmışdı. Hətta söhbətin içində “sarı köynək”, “Dədə Qorqud” kimi ifadələr də dolaşmağa başladı. Mən də getdikcə əsəbiləşirdim. Onlar da geri çəkilmirdilər. Ən qəribəsi isə bu idi ki, artıq Aşqabada hansı məqsədlə gəldiyimi də unutmuşdum: Parlament rəhbərlərinin toplantısı, çəkiliş, süjet, kamera, efir… Hamısı bir kənara qalmışdı. Mənim üçün həmin an dünyanın ən vacib məsələsi “Azadə”nin kimə məxsus olması idi.

Elə bu vaxt mənə təhkim olunmuş səfirlik əməkdaşı gəlib çıxdı. Mübahisəyə o son qoydu. Məlum oldu ki, türkmənlərlə bizim soykökümüz eyni olduğu üçün xalq mahnıları, dastanlar, şifahi xalq ədəbiyyatının nümunələri demək olar ki, birəbirdir. Buna görə də mübahisənin heç bir mənası yox idi. Həmin səhər Aşqabadda başıma gələnlər bununla bitmirdi. Əslində, Türkmənistanla bağlı ən maraqlı, bəzən gülməli, bəzən isə adamı düşündürən təəssüratlarım hələ qarşıda idi.

Çünki Aşqabad macərasının əsl hissəsi hələ yeni başlayırdı.

II hissə

Türkmənistana ilk səfərimdə “Azadə” uğrunda mübarizə yarımçıq qaldı. Amma həmin səfərdən elə xatirələr qaldı ki, illər keçsə də, bəzi kadrlar yaddaşımda hələ də öz rəngini itirməyib.

Səfirliyin maşını ilə Aşqabadda dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan möhtəşəm Saraya gəldik. Tədbirin ağırlığı elə foyedən hiss olunmağa başlayırdı. Hələ zala girməmiş adamın üz-gözünə protokolun görünməz əlini çəkirdilər sanki.

Saparmurad Niyazovdan sonra hakimiyyətə gələn, sabiq prezidentin diş həkimi olmuş Qurbanqulu Berdiməhəmmədovun yaratdığı aura zala daxil olan bütün qonaqların sifətinə hopmuşdu. Burada hər şeyin öz qaydası vardı: kim harada dayanmalıdır, kim kimə yaxınlaşa bilər, kim nə qədər danışa bilər… Hətta mənə elə gəlirdi ki, kameranı da hansı bucaq altında qaldırmağımızın protokolu ayrıca yazılmışdı.

Amma tədbirin əsas qonaqlarından biri – 2011-ci ildən Rusiya Federasiya Şurasının sədri olan Valentina İvanovna Matviyenkonun gəlişi isə tamam başqa məsələ idi. Rusiya dövlət protokolunda ən yüksək pillələrdən birində dayanan, ölkənin ən nüfuzlu siyasi simalarından biri hesab olunan bu qadının adı xarici tədbirlərin kulislərində tez-tez çəkilirdi.

Hətta vaxtilə kluarlarda belə bir fikir eşitmişdim ki, Matviyenko Qırğızıstan və Türkmənistanın qeyri-rəsmi “qubernatoru”dur. Əlbəttə, bunun nə qədərinin həqiqət, nə qədərinin diplomatik şişirtmə olduğunu söyləmək çətindir. Amma bir şey aydın idi: bəzi MDB ölkələrinin parlament rəhbərləri onunla görüşmək üçün, sözün əsl mənasında, sıraya düzülürdülər. Bu, təkcə protokol məsələsinə bənzəmirdi.

Mən isə bütün bunların arasında öz işimlə məşğul idim. Ştativi qura-qura, kameranı çəkilişə hazırlaya-hazırlaya tədbirin gedişinə qədər olan hazırlıqları müşahidə edirdim. Birdən AzTV-nin İnformasiya Proqramları Studiyasının “Xəbərlər” redaksiyasının şef redaktorundan əzəmətli tapşırıq gəldi:

– Saat 14:00-da canlı qoşulursan. Tədbir haqqında ətraflı məlumat verirsən!

İlk baxışdan peşəkar reportyor üçün çox asan tapşırıqdır. Tədbir var, kamera var, jurnalist var – deməli, xəbər də var. Amma bir balaca “amma” vardı. Bu da olduğum məkan idi – Türkmənistan.

Aşqabadda tədbirdən əvvəl ətraflı məlumat almaq elə də asan məsələ deyildi. Burada protokol sözün həqiqi mənasında qadağalar sənədi idi. Rəsmi şəxslərə yaxınlaşmaq, sual vermək, söhbətə qoşulmaq üçün elə bil ayrıca icazə lazım idi. Jurnalistin əsas silahı olan mikrofon da bu mühitdə bir qədər “təhlükəli predmet” təsiri bağışlayırdı.

Bir az fərasət göstərib Oqtay Əsədovun köməkçisinə yaxınlaşdım. Bəlkə tədbirin mahiyyəti, çıxışların ardıcıllığı, əsas müzakirə mövzuları barədə bir-iki cümlə öyrənə bildim. Amma faydası olmadı. Çünki nümayəndə heyətinin başı bərk qarışmışdı. Parlament rəhbərləri ilə ayaqüstü görüşlər, protokol söhbətləri, salamlaşmalar, foto çəkilişləri… Bu mənzərədə biçarə jurnalistin yadına düşməsi də ayrıca bir möcüzə olardı.

Mənim dadıma isə Türkmənistanın rəsmi orqanı sayılan “Türkmənistan” qəzeti çatdı. İndi deyə bilərsiniz ki, burda qeyri-adi nə var? Məsələ burasındadır ki, qəzeti əlimə alan kimi qeyri-ixtiyari gülümsədim. Elə bil Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin türkmən qardaşını tapmışdım. Səhifələri çevirdikcə içimdə qəribə bir təəccüb yaranırdı: “Bu qədər də oxşarlıq olmaz axı…”

Tədbir haqqında geniş yazı dərc olunmuşdu. Mənə lazım olan məlumatların hamısı, demək olar ki, orada vardı. Oxuyur, qeydlər aparır, bir tərəfdən də saatı yoxlayırdım. Jurnalistlikdə bəzən belə olur: informasiya axtarmağa gedirsən, informasiya gəlib səni özü tapır.

Beləcə, qəzet mənim üçün həmin gün ən etibarlı “informasiya agentliyi”nə çevrildi. Lazım olan hissələri qeyd etdim və canlı bağlantıya hazırlaşdım. İncəvara, pis də alınmadı. Əhatəli, geniş, detallı xəbəri Bakıya çatdıra bildim. Hətta redaktorumuzdan bir “molodes” də aldım. Televiziya jurnalisti üçün bundan böyük mükafat bəzən olmur. Xüsusən də informasiya qıtlığı içində xəbər hazırlamısansa… Tədbir isə hələ bitməmişdi.

Oqtay Əsədovun bütün çıxışını hər ehtimala qarşı çəkdim. Birdən Bakıda lazım olar. “Perebivka”ları da bol-bol işlədim. Zalın dörd tərəfini “vosmyorka”ya uyğun lentə aldım. Ümumi plan, orta plan, iri plan – nə desəniz vardı. Bir sözlə, müxbir olmaqla bərabər operator kimi də vicdanım rahat idi. Öz işimdən razı qalmışdım. Elə rahat nəfəs almağa başlamışdım ki… Yeni elan gəldi:

Rəsmi şəxslərin şəhərdə baş çəkəcəkləri məkanlarda da çəkiliş aparılacaq. Halımı təsəvvür etmək bəlkə də sizin üçün çox çətin olacaq. Bunu yalnız televiziya operatorları yaxşı bilər. Beləcə, daha iki-üç saatımız da çəkilişə getdi.

Aşqabadın isti havasında mərmər binaların arasında üst-başımdan tər şəlalə kimi axırdı. Şəhərin özü ağappaq, parlaq və səliqəli idi, mən isə getdikcə kameranın yanında “insan formasında su qabı”na çevrilirdim. Nəhayət, sərbəst vaxt yetişdi. Və mənim üçün əsas məsələ də məhz bundan sonra başlayırdı. Aşqabadın səhər planlarını çəkməli idim.

Səfirliyin əməkdaşları bu məsələdə mənə çox kömək etdilər. Onlara izah etmişdim ki, əgər “Xəbərlər”in arxivinə şəhər planları aparmasam, məni ölmüş bilin. Zarafatla dolu eyhamım öz işini görmüşdü. Gənc diplomatların mənə rəhmi gəlmişdi.

Qızıldan qiymətli vaxtlarını sərf edib məni şəhərdə nəyi var gəzdirdilər. Mən də fürsətdən istifadə edib kameranı sağa-sola çevirir, “Xəbərlər” üçün lazım ola biləcək hər detalı lentə alırdım.

İndi gələk Aşqabada. Şəhər nə şəhər! Sanki şəhərin üzərinə ağ rəng çəkilib, sonra da “bir az da ağ olsun” deyilib. Qurbanqulu Berdiməhəmmədov şəhərdə əsasən ağ rəngli avtomobillərin hərəkətinə icazə verirdi. Ağ maşınlar, ağ binalar, ağ mərmər… Şəhərin dizayneri rəng palitrasında yalnız bəyaza üstünlük vermişdi. Amma Aşqabadın bir başqa “rəngi” də vardı – Məxtumqulu. Şəhərin hansı istiqamətini soruşurdumsa, səfirlik əməkdaşları yarızarafat, yarıciddi Məxtumqulunun adını çəkirdilər.

Məxtumqulu Fəraqi türkmən xalqının böyük şairi idi. Bizim üçün necə Nizami Gəncəvi müqəddəsdirsə, türkmənlər üçün də Məxtumqulu elə bir mənəvi simadır. Elə bil Aşqabad başdan-ayağa Məxtumquludan ibarət idi. Mən də içimdə düşünürdüm: görəsən bu şəhərdə Məxtumquludan başqa küçə adları var idimi?

Əlbəttə, məsələ bununla bitmirdi. Bəlkə də Məxtumqulu amilinin bu qədər qabardılmasının başqa səbəbləri də vardı. Qurbanqulu Berdiməhəmmədov özündən əvvəlki hakimiyyət dövrünün izlərini silmək, yeni dövrün simvollarını yaratmaq istəyirdi. Bunun üçün də milli tarix, milli ədəbiyyat və milli kimlikdən geniş istifadə olunurdu.

Üstəlik, Berdiməhəmmədovun özü də sənətə, xüsusən musiqiyə xüsusi maraq göstərirdi. Təzə-təzə oxumağa başlayırdı, səhnəyə çıxırdı, müxtəlif görüntülərlə gündəmə gəlirdi. Ağ maşınlarla səhralarda “at oynatmaq” da bu obrazın bir hissəsi idi.

Amma bu mövzunun başqa, bir qədər də şirin tərəfi vardı. Çəkiliş zamanı güclə də olsa, bir-iki türkmənlə söhbət etmək imkanım oldu. Əslində, bu “təsadüfi” türkmənlərin kim olduğunu sonradan başa düşmək çətin deyildi. Məni müşayiət edən diplomatlar söhbətə həm nəzarət edir, həm də müəyyən mənada istiqamət verirdilər.

“Azadə” söhbətindən sonra qohum xalqa qarşı içimdə bir az əsəb yaranmışdı. Ona görə də onlarla bir qədər sərt danışırdım. Onlar isə təmkinlə, sakit səslə öz arqumentlərini ortaya qoyurdular.

Deyirdilər ki, Azərbaycan ərazisində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini məhz türkmənlər qurublar. Azərbaycanın tarixi dövlətçilik ənənəsində türkmən elinin böyük xidmətləri olub. Bir az da həvəslənib, əslində azərbaycanlıların türkmən əsilli olduğunu söyləməkdən də çəkinməmişdilər.

Amma diplomat dostların məsləhətinə qulaq asıb mənasız mübahisədən qaçmağa qərar vermişdim. Elə düz də etmişdim. Çünki mənə Aşqabadı qarış-qarış gəzmək lazım idi. Odur ki, şəhərin mərmər, səliqəli, amma bir qədər də buz kimi soyuq sifətini görmək üçün bir günümüz getdi. Dediyim kimi, Aşqabad zahirən çox möhtəşəm idi. Geniş prospektlər, nəhəng binalar, monumental abidələr, təmiz küçələr… Amma bu gözəlliyin içində qəribə bir səssizlik vardı.

Küçələr bomboş görünürdü. Qazla zəngin ölkənin paytaxtında həyatın ritmi adama bir qədər qəribə gəlirdi. Şəhər böyük idi, amma sanki şəhərlilik az idi. Möhtəşəm binalar vardı, amma insan səsi az eşidilirdi. İnternet də o dövrdə indiki kimi geniş yayılmamışdı. Bu isə bizim kimi informasiya adamları üçün ayrıca sınaq idi.

Amma Aşqabadda xoşuma gələn bir detal vardı. Qızlar milli geyimə üstünlük verirdilər. Onların uzun, rəngarəng milli paltarları, saç düzümü və ümumi görünüşü şəhərin ağ mərmər fonunda tamam başqa bir mənzərə yaradırdı. Müasir paytaxtın içində qədim türkmən ruhunun izləri görünürdü.

Bəlkə də Aşqabadın mənim üçün ən maraqlı tərəfi məhz bu ziddiyyət idi: bir tərəfdə ağ mərmərdən qurulmuş gələcək obrazı, o biri tərəfdə milli geyimdə gəzən insanlar və əsrlərin o tayından gələn Məxtumqulu.

Və bütün bunların arasında mən – çiynində kamera, beynində efir, cibində qeydlər, üst-başında isə Aşqabadın istisindən qalan “suvenir”lərlə gəzən bir Azərbaycan jurnalisti. Həmin səfərdən illər keçib. İndi geriyə baxanda anlayıram ki, o səfərdə təkcə Türkmənistanı görməmişdim. Jurnalistikanın başqa bir tərəfini də görmüşdüm: məlumatın qapalı olduğu yerdə məlumat axtarmağı, protokolun sərt olduğu məkanda xəbər tapmağı, bir qəzetdən canlı efir üçün material çıxarmağı, üç saat çəkilişdən sonra yenidən ayağa qalxmağı və ən əsası gördüklərini öz gözünlə yaddaşa həkk etməyi.

Bax beləcə, “Azadə” uğrunda mübarizəmiz yarımçıq qaldı. Amma bəlkə də yaxşı oldu. Çünki jurnalistin yaddaşında hər səfərin bir yarımçıq hekayəsi olmalıdır. Tamamlanan hekayələr tez bitir, yarımçıq qalanlar isə illərlə adamı öz ardınca aparır. Türkmənistana birinci səfərim də mənim üçün elə oldu. Ağ mərmərli Aşqabad, Məxtumqulunun hər küçədə qarşıma çıxan adı, ağ maşınlar, ağır protokol, səfirliyin gənc diplomatları, “Türkmənistan” qəzetindən çıxan efir xəbəri və kameranın arxasında axıtdığım tər. Birdə illər sonra anlayırsan ki, sən bu ölkəyə hansısa mühüm hadisəni çəkməyə getmirsən, həm də öz həyatının bir parçasını lentə alırsan.

Fadil Paşayev.
Əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*