Hər bir dövlət insan hüquq və azadlıqlarının təmin olunması və qorunması üçün zəruri mexanizmlər yaratmağa borcludur. Lakin bu proses yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların və ən əsası, vətəndaşların özlərinin də bu istiqamətdə üzərinə mühüm məsuliyyət düşür.
Çünki insanın öz hüquqlarını bilməsi həmin hüquqların müdafiəsinin əsas şərtlərindən biridir. Vətəndaş hüquqlarını nə qədər yaxşı bilirsə, hüquq pozuntusu ilə qarşılaşdıqda qanunvericiliyin verdiyi imkanlardan bir o qədər düzgün və səmərəli istifadə edə bilər.
Azərbaycanda insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif hüquqi və institusional addımlar atılıb. Bu çərçivədə hazırlanmış Milli Fəaliyyət Planında insan hüquqlarının qorunması ilə bağlı bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib. Sənəd beş hissə və 48 bənddən ibarət olmaqla qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi və digər məsələləri əhatə edir.
Sənəddə, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla yanaşı, Cinayət və Seçki məcəllələrinə əlavə və dəyişikliklərin hazırlanması, “Alternativ xidmət haqqında”, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələrinin hazırlanması, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi kimi istiqamətlər də öz əksini tapıb.
Bütün bunlar insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin yalnız bir hissəsidir. Çünki müasir və demokratik dövlətçiliyin əsas prinsiplərindən biri olan insan hüquqları həm də cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən hesab olunur.
İnsan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqi və siyasi biliklərinin artırılması, eləcə də onların ictimai proseslərdə fəal iştirakının təmin olunması demokratik cəmiyyətin əsas göstəricilərindəndir.
Bəs bu istiqamətdə atılan addımlar cəmiyyətin inkişafına necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsində əsas məqsəd yalnız hüquqların qanunvericilikdə təsbit olunması deyil, vətəndaşların həmin hüquqlardan real və səmərəli şəkildə istifadə edə bilməsi üçün şəraitin yaradılmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə dövlət və qeyri-dövlət institutlarının fəaliyyəti, vətəndaşların müraciət, şikayət və ərizələrinə baxılması, məhkəməyə müraciət imkanlarının təmin edilməsi və hüquqi yardımın əlçatanlığının artırılması mühüm əhəmiyyət daşıyır.
“Eyni zamanda, ayrı-seçkiliyin, zorakılığın və digər hüquq pozuntularının qarşısının alınması, insan hüquqları ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq insan hüquqları standartlarının milli qanunvericilikdə tətbiqi də xüsusi əhəmiyyət daşıyır”, – deyə hüquqşünas vurğulayıb.
T.Hüseynov hesab edir ki, hüquqi və siyasi maarifləndirmə vətəndaşların öz hüquqlarını müdafiə edə bilməsində mühüm rol oynayır. Onun fikrincə, insanın malik olduğu hüquqları bilməsi həmin hüquqların qorunmasının ən vacib şərtlərindən biridir.
Hüquqşünasın sözlərinə görə, əhali arasında konstitusion hüquq və azadlıqlar, əmək, ailə, sosial təminat və istehlakçı hüquqları, məhkəməyə və digər dövlət qurumlarına müraciət qaydaları, seçki hüquqları, dövlət idarəçiliyində iştirak imkanları, eləcə də hüquqlarla yanaşı vətəndaş vəzifələri barədə davamlı maarifləndirmə aparılmalıdır.
“Bu məqsədlə seminarlar, təlimlər, ictimai müzakirələr, maarifləndirici kampaniyalar və elektron resurslar vasitəsilə məlumatlandırma həyata keçirilir”, – deyə ekspert qeyd edib.
Tağı Hüseynovun sözlərinə görə, demokratik cəmiyyətin formalaşmasında vətəndaşların sosial və siyasi fəallığının artırılması da mühüm amildir.
“Bu baxımdan ictimai dinləmələrin, forumların və debatların keçirilməsi, gənclərin və qadınların ictimai fəaliyyətə cəlb olunması, könüllülük proqramlarının genişləndirilməsi, QHT-lərin və digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin dəstəklənməsi, həmçinin seçki maarifləndirilməsinin aparılması mühüm istiqamətlər hesab olunur”.
Hüquqşünas hesab edir ki, bu tədbirlərin nəticəsində hüquqi savadlılığı yüksək olan vətəndaş hüquq pozuntusu ilə qarşılaşdıqda daha fəal mövqe tutur və mövcud hüquqi mexanizmlərdən düzgün istifadə edə bilir.
“Digər tərəfdən, sosial və siyasi fəallığın artması vətəndaşla dövlət arasında qarşılıqlı etimadın və dialoqun möhkəmlənməsinə, ictimai problemlərin daha tez müəyyənləşdirilməsinə və onların həlli üçün yeni təşəbbüslərin yaranmasına şərait yaradır”, – deyə T.Hüseynov bildirib.
Onun fikrincə, insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə və ictimai-siyasi iştirak bir-birini tamamlayan mühüm istiqamətlərdir.
“Bu sahələrin inkişafı hüquqlarını bilən, məsuliyyətli və fəal vətəndaş cəmiyyətinin formalaşmasına, demokratik institutların möhkəmlənməsinə və qanunun aliliyinin təmin olunmasına xidmət edir”.
Beləliklə, insan hüquqlarının müdafiəsi yalnız hüquq pozuntusunun qarşısını almaq məsələsi deyil. Hüquqlarını bilən vətəndaş daha fəal, daha məsuliyyətli və cəmiyyət qarşısında daha tələbkar mövqe tutur. Bu isə dövlətlə vətəndaş arasında sağlam münasibətlərin qurulmasına, ictimai etimadın möhkəmlənməsinə və bütövlükdə cəmiyyətin inkişafına təsir edən mühüm amillərdən biridir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq dərc edilir.

