ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin 1972-ci ildə həyata keçirdiyi “Apollon 17” missiyası çərçivəsində Aydan toplanan və bu günə qədər bağlı saxlanılan nümunə açılıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, təxminən 50 il əvvəl Aydan toplanan nümunə NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində alimlər tərəfindən açılaraq araşdırılıb.
NASA-nın Elm Missiyası Direktorluğunun köməkçisi Tomas Zurbuxen bildirib ki, 50 ildir vakuumlanmış bu inanılmaz qiymətli nümunəni açmaq fürsətləri olub və nəhayət içərisində hansı xəzinələrin olduğunu görə biliblər.
Nümunə “73001” adlandırıldı
Heç bir itkiyə məruz qalmamaq üçün nümunə diqqətlə araşdırılıb və tədqiqatda rentgen texnologiyasından istifadə edilib.
“73001” adlı nümunə 1972-ci ildə astronavtlar Gene Cernan və Harrison Şmitt tərəfindən toplanılıb və bu günə qədər Conson Kosmik Mərkəzində saxlanılıb.
Ayın səthindən toplanan nümunələr gələcəkdə Ayın təkamülünü öyrənməyə imkan verəcək.
Qeyd edək ki, NASA 2025-ci ilə qədər Aya xüsusi missiyalar təşkil etməyi hədəfləyir.




İqbal Rzayev,
KONKRET.az
