Aslan Aslanovun özbaşınalıqları haqda YENİ İDDİALAR – ƏTRAFLIbackend

Aslan Aslanovun özbaşınalıqları haqda YENİ İDDİALAR - ƏTRAFLI

AZƏRTAC-ın sabiq sədri Aslan Aslanov tutduğu vəzifəsindən kənarlaşdırılsa da, haqqında səsləndirilən iddialar səngimək bilmir. Onun Dövlət Agentliyinin sədri işlədiyi müddətdə sui-istifadə hallarına, özbaşınalıqlara yol verdiyi, yaxın adamlarını AZƏRTAC-a vəzifəyə gətirdiyi, maliyyə maxinasiyalarına əl atdığı haqda redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir.

KONKRET.az-ın redaksiyasına etibarlı mənbədən verilən növbəti məlumatlara görə, AZƏRTAC-ın rəhbərliyindən tutmuş xadiməçisinədək bütün işçilər Aslan Aslanovun ya yaxın qohumları, ya da tapşırılan adamlar olub.

İddialara görə, Aslan Aslanov media qurumunda təcrübəli şəxsləri işindən uzaqlaşdıraraq yaxınlarını müxtəlif vəzifələrə gətirib. Məhz buna görə də agentlik əməkdaşlarının əksəriyyətini Cəbrayıl və Zərdab rayonundan olan şəxslər təşkil edib. Üstəlik, bu hal təkcə muxbirlərə aid edilməyib, eyni zamanda tərcüməçi, beynəlxalq əlaqələr, Rabitə və texnologiyalar şöbəsi, İşlər İdarəsi, multimedia və qəbul şöbələrinin hər birində Aslanovun qohumları yer alıblar.

Mənbə reklamlardan əldə olunan gəlirlərin şəffaflığının təmin olunmadığı haqda da iddialar irəli sürüb. Bunu da sözügedən şöbənin sabiq müdiri Aslan Aslanovun oğlu Tural Aslanovun “yaxın dostu” və kassiri Əlişan Quluzadənin olması ilə əlaqələndirib. İddialara görə, AZƏRTAC 2017-ci ildən Publik Hüquqi şəxs olmasına baxmayaraq, reklam gəlirlərini heç kim görməyib. Məhz bu gəlirlər sayəsində Aslanov Abşeron rayonunun Fatmayi kəndində, Dübəndi qəsəbəsində, Şabran rayonunun Qalaaltı kəndində villalar tikdirib. Üstəlik, media qurumunun köhnə binasından çıxan lazımlı əşyaların hamısı sabiq sədrin villalarına daşınıb.

Bundan başqa, agentlikdə xadimə işləyən Rəhilə Əliyeva (A.Aslanovun Cəbrayıldan olan qonşusu) ayda iki dəfə və 2-3 gün işə gəlməyib. Buna səbəb isə onun Aslanovun şəxsi evində işləməsi olub. Özü də bu evə gedən bütün təmizləyici vasitələrin hamısı AZƏRTAC-ın anbarından götürülüb. Sabiq sədrin Dübəndi qəsəbəsindəki bağının bağbanlıq işlərini isə mühafizəçi Məhəmməd Allahverdiyev görüb. Onun əməkhaqqı isə agentliyin vəsaiti hesabına ödənilib. M.Allahverdiyev reklam şöbəsinin keçmiş mudiri Əlişan Quluzadənin yaxın adamlarından biri kimi tanınıb.

Mənbənin verdiyi digər bir məlumata görə, Aslanovun qohumları hal-hazırda da agentlikdə yuxarı vəzifələrdə fəaliyyət göstərir. Onlardan bir neçəsi rəhbər dəyişikliyindən sonra işdən kənarlaşdırılsa da,  digərləri vəzifə başındadır. İqtisadiyyat redaksiyasının müdiri Elvin Camalov (Cəbrayıldan olan qohumu), Regionlar redaksiyasının rəhbəri Ceyhun (dostunun oğlu) və digərlərini misal göstərmək olar. Bütün bunlar azmış kimi, bu il AZƏRTAC-ın bayram pulu və rüblük mükafatları demək olar ki, ləğv edilib.

“Bu idarəni demək olar ki, Tural Aslanov idarə edib. Belə ki, işə düzələn insanların bir çoxu T.Aslanovun dostu Əlişan Quluzadə vasitəsi ilə agentliyə qəbul olunublar. Təbii ki, bütün bunlar rüşvətlə baş verib. Bu səbəbdən də idarədə işə öz bacarığına görə düzələn şəxslər şərlənərək vəzifəsindən kənarlaşdırılıb. Bu şəxslər Tural Aslanovun prinsiplərinə görə agentlikdən azad olunublar”, – deyə mənbə vurğulayıb.

Digər bir iddiaya görə, AZƏRTAC-ın avtomobillərinin hər birinə artıq yanacaq yazılaraq külli miqdarda vəsait mənimsənilib. Bu pullar isə ata və oğul Aslanovların cibinə axıb. Əgər Hesablama Palatası avtomobilləri kompyuter vasitəsi ilə yoxlasa, maşınların üzərindəki məsafə göstəricilərinin hər birinin qabağa çəkildiyini görə bilər. Bütün sürücülər cərimələri öz ciblərindən ödəsə də, Tural Aslanovun surücüsünün cərimələri sədrin maliyyə məsələləri üzrə koməkçisi və kassiri Aidə Vəliyeva tərəfindən idarənin balansı hesabına ödənilib.

Ardı var…

KONKRET.az-ın Araşdırma Qrupu  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*