Avropa ölkələri Türkiyədən təbii qaz idxalına maraq göstərsələr də, tədarük zəncirində Rusiya qazının yer almamasını əsas şərt kimi irəli sürürlər.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar AHaber telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Avropa tərəfi xüsusilə Türkiyənin Sakarya yatağından hasil olunan qazın alınmasında maraqlıdır, lakin onun mənşəyinin rəsmi şəkildə təsdiqlənməsini tələb edir.
Bayraktar bildirib ki, qaz ümumi qaz nəqli sistemi vasitəsilə dövriyyəyə daxil olduqdan sonra onun hansı mənbədən gəldiyini texniki baxımdan müəyyənləşdirmək çətindir. Buna baxmayaraq, ixrac müqavilələri bağlanarkən Türkiyə tədarük edilən qazın hansı ölkəyə məxsus olduğunu sənədlərlə təsdiqləməlidir.
Nazir əlavə edib ki, Avropada Türkiyə qazına maraq getdikcə artır. Lakin ölkə daxilində yüksək tələbat Ankaranın ixrac imkanlarını məhdudlaşdırır.
Natiq Səlim,
KONKRET.az
