Almaniyanın yeni xarici işlər naziri Annalena Berbok və Yaşıllar Partiyasının bütün federal idarə heyəti qeyri-qanuni olaraq partiya kassasından özlərinə “koronavirus bonusları” ödəməkdə şübhəli bilinir.
KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb. Bu hadisə on ilin ən böyük korrupsiya qalmaqallarından biri kimi xarakterizə edilir. Qeyd edək ki, Almaniyada partiya pullarını oğurlayanlar ciddi şəkildə cəzalandırılır.
Məlumata görə, Berlin prokurorları Yaşıllar Partiyasının rəhbərliyinə, o cümlədən xarici işlər naziri Berbok və iqtisadiyyat naziri Habekə qarşı istintaqa başlayıblar. Hazırda partiyanın federal idarə heyətinin aşağıdakı üzvlərinə qarşı araşdırmalar aparılır:
Federal Partiyanın sədri və Almaniyanın xarici işlər naziri Annalena Berbok.
Partiyanın həmsədri Robert Habek, İqtisadiyyat və İqlim Mühafizəsi üzrə Federal Nazir.
Federal sədrin müavinləri Rikarda Lanq və Kamila Şefer.
Federal Qubernator Maykl Kellner.
Federal xəzinədar Mark Urbatş.
Şübhəlilərin hamısı – Urbax istisna olmaqla – siyasi toxunulmazlığa malik Bundestaqın üzvləridir, ona görə də istintaq başlamazdan əvvəl Bundestaqın prezidenti Barbel Bas bu barədə məlumatlandırılıb.
Yaşıllar Partiyası Almaniyanın hakim koalisiyasını məhv edir
Jurnalın yazdığına görə, hər şey hələ dekabrda həll olunub. Qanuna görə, müvafiq şikayətlər daxil olduqdan sonra ən azı 40 saat keçməlidir ki, prokurorluq rəsmi olaraq cinayət işinə başlaya bilsin. Jurnalın məlumatına görə, bu, yanvarın 6-da baş verib. Departament sözçüsü Steltnerin sözlərinə görə, istintaq keçən il mətbuatda çıxan xəbərlərə istinad edir. Bu məlumatlara görə, Yaşıl liderlər 2020-ci ildə partiya kassasından özlərinə “koronavirus bonusları” ödəməyə qərar veriblər. Keçən il partiyadaxili auditorlar bu bonuslara fəal etiraz ediblər.
Mediada gedən informasiyalarda auditorlar Yaşıllar Partiyasının federal aparatının işçiləri ilə yanaşı, partiyanın idarə heyətinin altı üzvünün də şəxsən əlavə ödənişlər almasını tənqid ediblər. “Koronavirus bonusları” idarə heyətinin hər bir üzvü üçün cəmi 1500 avro təşkil edirdi. Bu ödənişlər işçilərə pandemiya və digər amillərin yaratdığı stressi kompensasiya etməli idi.
Bu cür bonuslar, auditorların qeyd etdiyi kimi, partiyadaxili qaydalara uyğun gəlmir. İdarə heyətinin üzvləri “tarif üçün nəzərdə tutulmuş” 300 avrodan çox ala bilməzdilər.
Bundan əlavə, daha yaxşı olardı ki, partiyanın maliyyə şurası deyilən, tərkibində federal əyalətlərdən olan nümayəndələr də bu cür xüsusi ödənişləri pullar müvafiq ciblərə axıtmadan təsdiq etsin.
Prokurorun sözçüsü Steltner Spiegel jurnalına deyib: “İlkin şübhənin təsdiq edilib-edilməməsi qanuna əsasən, yalnız araşdırmalar zamanı müəyyən edilə bilər”. Onun sözlərinə görə, bu işdə prokurorluq qanunla təhqiqat başlatmağa borclu idi. Departament bu məsuliyyəti deputat toxunulmazlığı ilə bağlı müddəaları nəzərə alaraq yerinə yetirir.
Xüsusi ödənişlərlə bağlı problemlər Bundestaq seçkiləri zamanı da yaranıb. Hələ kansler vəzifəsinə namizəd kimi irəli sürülməzdən əvvəl Annalena Berbok may ayında etiraf edib ki, 2018-2020-ci illər üçün partiya bonuslarını qaydaların tələb etdiyi kimi Bundestaq ofisinə əlavə gəlir kimi bildirməyib.
Ümumilikdə, söhbət 25,220 avrodan gedirdi – 6,790 ilə 9,300 avro arasında dəyişən üç Milad bonusu və 1,500 avroluq “koronavirus bonusu”.
Xatırladaq ki, Yaşıllar yanvarda yeni idarə heyətini seçməyə hazırlaşır. Berbok və Habek nazir olduqları üçün artıq partiyaya rəhbərlik edə bilməzlər. Rikarda Lanq və Omid Nuripur sədr və həmsədr postları uğrunda mübarizə aparırlar.
Natiq Səlim,
KONKRET.az
