Azərbaycan və İran Naxçıvana qaz mübadiləsi ilə bağlı razılığa gəldibackend

Azərbaycan və İran Naxçıvana qaz mübadiləsi ilə bağlı razılığa gəldi

Azərbaycan və İran Naxçıvana qaz mübadiləsi ilə bağlı razılığa gəlib.
KONKRET.az-ın İran mediasına istinadən xəbərinə görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Ouci ilə görüşüb. Cavad Ouci görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan nümayəndə heyəti ilə çox səmərəli və konstruktiv görüş keçirildiyini bildirib.

İranda və Azərbaycanda çox böyük neft və qaz yataqlarının olduğunu deyən C.Ouci iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial və imkanların olduğunu vurğulayıb: “Bugünkü iclasda qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi (Swop), eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsinə dair razılıq əldə olunub”.

Xəzər dənizindəki neft və qaz yataqlarından danışan iranlı nazir qeyd edib ki, bu sahə ilə bağlı da Azərbaycan nümayəndə heyəti ilə ilkin danışıqlar aparılıb, ekspertlər müzakirələri davam etdirir: “Ümid edirəm ki, yaxın həftələrdə neft, qaz və Xəzərdə neft – qaz yataqlarının işlənməsi ilə bağlı müsbət razılıq əldə olunacaq”.

Ş. Mustafayev isə deyib ki, Azərbaycan və İran dost və qonşu ölkələrdir, iki ölkənin xalqları arasında tarixi bağlar mövcuddur: “İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusi ilə enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Görüşdə enerji sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə olundu. Enerji sahəsində bir sıra yeni layihələr haqqında danışıq apardıq. İnanıram ki, yaxın gələcəkdə müzakirələrimiz yeni sənədlərin imzalanması ilə nəticələnəcək”.

Azərbaycandan ekspert qrupunun İranda olduğunu diqqətə çatdıran Mustafayev qeyd edib ki, ekspertlər qrupu hazırda danışıqlar aparır.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*