Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay ilə görüşüb.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
İcraçı direktor görüşdə Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib. O, xüsusilə Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib və sözügedən istiqamətdə ötən ilin sentyabr ayında keçirilən ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. İcraçı direktor, həmçinin təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu qeyd edib. Kairat Sarıbay, cari ilin oktyabr ayında keçiriləcək AQEM-in Sammitinə hazırlıq prosesi barədə məlumat verib.
