“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri holdinqin strukturuna daxil edilib.
KONKRET.az xəbər verir ki, fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə holdinqə tətbiq edilmir.
AZCON-un nizamnamə fondu 10 milyon manat məbləğində müəyyənləşib.
Yada salaq ki, bu holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək.
AZCON-a RİNN tabeliyində olan şirkətlərdən başqa Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC də daxil olunub. Beləliklə, AZCON-un yaradılması ilə RİNN timsalında yeni “supernazirlik” yaranmış oldu. Yeni yaradılan qurumun əsas məqsədi nəqliyyat və kommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrini bir araya gətirərək onların daha effektiv və koordinasiyalı şəkildə idarə edilməsini təmin etməkdir. Holdinqin əsas rəhbərliyi Müşahidə Şurasına, icra səlahiyyətləri isə icraçı direktora həvalə olunub. Müşahidə Şurası dövlət müəssisələrinin gəlir və xərclərini təsdiq etmək, səmərəliliyi qiymətləndirmək və vəsaitlərin təyinatını müəyyənləşdirmək kimi funksiyaları həyata keçirəcək. Bu qurum həmçinin dövlət investisiyalarının daha səmərəli istifadəsini və nəqliyyat layihələrinin daha planlı həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb. Holdinqin nizamnamə fondu 10 milyon manat təşkil edir və onun maliyyələşməsi dövlət müəssisələrinin ödədiyi vəsaitlər və digər qanunla icazə verilən mənbələrdən təmin ediləcək. Holdinq strukturunun formalaşdırılması nəzarətin mərkəzləşdirilməsinə və idarəetmə yanaşmalarının standartlaşdırılmasına imkan verəcək ki, bu da şəffaflığın və səmərəliliyin artırılmasına kömək edə bilər.
AZCON-un yaradılması ilə bağlı bəzi ekspertlər müsbət təsirlərlə yanaşı, müəyyən risklərin də olduğunu qeyd edirlər. Məsələn, AZCON-un fərqli sektorlara aid müəssisələri bir araya gətirməsinin onların səmərəliliyi və idarəetmə prosesində çətinliklər yaradacağını vurğulayır. Metropoliten, hava yolları və digər strukturların fərqli iş sahələri ilə bağlılığının idarəetmə və koordinasiya çətinlikləri yarada biləcəyi düşünülür.
İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli isə “Yeni Müsavat”a şərhində bildirdi ki, ümumilikdə nəqliyyat sektorunun optimallaşdırılması vacib məsələlərdən biridir. Çünki Azərbaycanın əsas yaxın və orta gələcək üçün planlarından biri nəqliyyat habına çevrilməkdir. Bunun üçün də bütün nəqliyyat sisteminin vahid sisteminin vahid mərkəzdən idarə olunması vacibdir. Ekspertin sözlərinə görə, sadəcə əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin səmərəliliyinin artırılması üçün də müəyyən işlər görülməlidir: “Azərbaycanda dövlət şirkətlərinin, dövlət holdinqlərinin ən böyük problemi xərc hissəsinin artması və rentabelliyə mənfi təsir göstərməsidir. Bu, rəqabətli mühitə ziyan verməməlidir. Yəni dövlət holdinqinin bu sahədə təşəbbüskar olmağa çalışan özəl sektorun qarşısını kəsmək kimi yanaşması olmamalıdır. Ona görə də adıçəkilən holdinqin yaradılması tendensiya olaraq başa düşüləndir və müsbətdir. Azərbaycanın əsas nəqliyyat habına çevrilməsi üçün dövlət müəyyən addımlar atır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması da bu addımlardandır. Bu, gələcəkdə Azərbaycana dividentlər gətirə biləcək sahə olacaq. Amma effektiv, şəffaf idarə olunması ilə bağlı daha çox məsələlərə diqqət yetirmək lazımdır. Çünki başqa dövlət şirkətlərinin bu günə qədər olan təcrübəsində ən böyük problem həm şəffaflıq, həm də effektiv idarəetmə ilə bağlı məsələlər olub. Ümid edək ki, yeni yaradılan AZCON-la bağlı gələcəkdə belə məsələlər gündəmə gəlməyəcək”.