Korrupsiya və rüşvət cinayətləri nəticəsində qanunsuz əldə edildiyi məhkəmə qərarı ilə müəyyənləşdirilən əmlak və vəsaitlərin sonrakı taleyi cəmiyyətdə maraq doğuran məsələlərdəndir. Xüsusilə müsadirə edilərək dövlət nəfinə keçirilən vəsaitlərin aztəminatlı ailələrin, təhsil və səhiyyə sahələrinin, eləcə də digər sosial layihələrin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı xüsusi fondun yaradılması məsələsi gündəmə gələ bilər.
Bəs belə bir fondun yaradılması hüquqi baxımdan mümkündürmü və müsadirə olunan vəsaitlərin sosial məqsədlərə yönəldilməsi necə təmin edilə bilər?
Mövzu ilə bağlı hüquqşünas, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, korrupsiya və rüşvət cinayətləri nəticəsində qanunsuz əldə edildiyi məhkəmə qərarı ilə müəyyən olunan əmlak və vəsaitlərin xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulur.

Onun sözlərinə görə, ilk növbədə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi təmin edilməli, bundan sonra dövlət nəfinə keçirilən vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunmalıdır.
“Bu baxımdan müsadirə edilmiş vəsaitlər hesabına sosial məqsədli xüsusi fondun yaradılması prinsip etibarilə mümkündür. Lakin bunun üçün fondun hüquqi statusunu, maliyyə mənbələrini, vəsaitlərin formalaşması və xərclənməsi qaydalarını müəyyən edən ayrıca qanunvericilik mexanizmi yaradılmalıdır”, – deyə hüquqşünas qeyd edib.
Ə.Vəliyev hesab edir ki, daha məqsədəuyğun modellərdən biri belə vəsaitlərin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu vasitəsilə uçota alınmasıdır. Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” Qanun məqsədli büdcə fondlarının yaradılmasına və həmin vəsaitlərin müəyyən edilmiş məqsədlər üzrə istifadəsinə imkan verir.
Hüquqşünasın fikrincə, belə bir fond yaradılacağı təqdirdə vəsaitlərin aztəminatlı ailələrə sosial yardım, təhsil, səhiyyə, sosial mənzil və digər sosial layihələrə yönəldilməsi qanunla konkret şəkildə müəyyən edilə bilər.
Ə.Vəliyev vurğulayıb ki, əsas məsələ yalnız fondun yaradılması deyil, həmin vəsaitlərin istifadəsinə effektiv nəzarət mexanizminin formalaşdırılmasıdır. Onun sözlərinə görə, maliyyə vəsaitlərinin xərclənməsi dövlət xəzinədarlığı, maliyyə və audit nəzarəti, o cümlədən Hesablama Palatasının nəzarəti altında həyata keçirilməli, fondun gəlirləri və xərcləri barədə mütəmadi olaraq ictimai hesabatlar dərc olunmalıdır.
Hüquqşünas mümkün mexanizmin ardıcıllığını belə izah edib: məhkəmə qərarı, xüsusi müsadirə, vurulmuş ziyanın ödənilməsi, vəsaitin dövlətə keçməsi, məqsədli fonda yönəldilməsi, sosial layihələrin maliyyələşdirilməsi və dövlət-ictimai nəzarətin təmin olunması.
Onun fikrincə, belə mexanizm korrupsiya nəticəsində dövlətə qaytarılan vəsaitlərin şəffaf şəkildə cəmiyyətin sosial ehtiyaclarına yönəldilməsinə imkan verə bilər. Eyni zamanda, müsadirə edilmiş qanunsuz gəlirlərin sosial məqsədlər üçün istifadəsi həm həmin vəsaitlərin cəmiyyətə qaytarılması baxımından, həm də korrupsiyanın qarşısının alınması istiqamətində əlavə mexanizm kimi nəzərdən keçirilər.
Əsas şərt isə vəsaitlərin formalaşması və xərclənməsinin tam şəffaf olması, bütün prosesin qanunvericiliklə dəqiq tənzimlənməsi və ictimai nəzarətin təmin edilməsidir.
Aynurə İsmayıl
KONKRET.az
