Balıqçıların etirazları güclənir – Türkiyədən balıq gətirən yük maşınlarının qarşısı kəsildibackend

Balıqçıların etirazları güclənir – Türkiyədən balıq gətirən yük maşınlarının qarşısı kəsildi

Yunanıstanda balıqçıların etiraz aksiyaları genişlənir. Balıqçılar idxal olunan balıqların ölkə bazarına girişinin və dövriyyəsinin qarşısını almaq məqsədilə topdansatış balıq bazarlarının qarşısını bağlamağa başlayıblar.

KONKRET.az xəbər verir ki, etirazçıların əsas tələbi balıqçılıq gəmilərində istifadə olunan dizel yanacağının qiymətinin aşağı salınmasıdır. Balıqçılar yanacağın bahalaşmasının gəmilərin istismar xərclərini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər.

Salonikidəki Nea-Mixaniona yaşayış məntəqəsində balıqçılar gecə saatlarından etibarən topdansatış balıq bazarına girişi bağlayıblar. Nəticədə Türkiyədən Yunanıstan bazarı üçün balıq gətirən 4 yük maşınının bazara daxil olmasına imkan verilməyib.

Nea Krini–Kalamariya Sahil Balıqçıları Assosiasiyasının sədri, Yunanıstan Sahil Balıqçılığı Gəmi Sahibləri Panellin İttifaqının idarə heyətinin üzvü Dimitris Tsipurasın sözlərinə görə, yük maşınlarından 3-ü Salonikiyə, biri isə Kavala şəhərinə gedirmiş. Onun bildirdiyinə görə, maşınların heç biri gətirdiyi məhsulu boşalda bilməyib.

Etirazçılar bazarın girişini taxta paletlərlə bağlayıb, ərazidə kiçik tonqal da qalayıblar. Yük maşınlarının hərəkətsiz qalması bazara məhsul tədarükünün müvəqqəti dayanmasına səbəb olub.

Balıqçıların etiraz aksiyaları oktyabrın 1-dən davam edir. Onlar Salonikinin Köhnə Sahil Bulvarında, Termaykos körfəzində də toplaşıblar.

Balıqçılar bildirirlər ki, topdansatış balıq bazarları vasitəsilə idxal olunan balıqların ölkəyə gətirilməsinə və satışına imkan verməmək üçün aksiyaları davam etdirəcəklər. Onların sözlərinə görə, Nea-Mixaniona bazarına idxal olunan balıqların böyük hissəsi Türkiyə və Bolqarıstandan gətirilir. Balıqçılar idxalın ümumi həcminin təxminən 90 faizini təşkil etdiyini iddia edirlər.

Dimitris Tsipuras qeyd edib ki, son günlər bazarlarda Yunanıstan istehsalı olan balıqların həcmi azalıb və satışa çıxarılan məhsulların əhəmiyyətli hissəsi dondurulmuş balıqlardır.

Etirazlar digər şəhərlərə də yayılır

Balıqçıların aksiyaları yalnız Saloniki ilə məhdudlaşmır. Pireydəki topdansatış balıq bazarında da etiraz aksiyası keçirilib. Keratsini balıq bazarında isə axşam saatlarında yeni aksiya planlaşdırılır.

Sahə nümayəndələrinin sözlərinə görə, ada bölgələrində fəaliyyət göstərən balıqçılar da etirazlara qoşulmağa hazırlaşırlar.

Yunanıstan Sahil Balıqçıları və Balıqçılıq Turizmi Panellin İttifaqının sədr müavini Mantos Paqonis bildirib ki, yaxın günlərdə etirazların daha da gücləndirilməsi planlaşdırılır. Aksiyaların əsas hədəfi balıq məhsullarının dövriyyəsinin həyata keçirildiyi infrastruktur olacaq.

Balıqçıların əsas tələbi – yanacağın ucuzlaşdırılması

Balıqçıların əsas tələbi gəmilərdə istifadə olunan dizel yanacağının qiymətinin aşağı salınmasıdır. Onlar bununla yanaşı, Yunanıstanın sahil balıqçılığının dəstəklənməsi və sektorun davamlılığının təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Balıqçıların diqqət çəkdiyi problemlər arasında delfinlərin balıqçılıq alətlərinə vurduğu zərər və fitoplanktonun yaratdığı fəsadlar da var.

Sahə nümayəndələri bildirirlər ki, tələblərinə konkret cavab verilməyənədək blokpostları saxlamaq və balıq bazarlarında etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*