Azərbaycanda yeni iş yerlərinin yaradılması məsələsi son dövrlərdə yenidən aktuallaşıb. İqtisadi artım tempinin zəifləməsi əmək bazarına da təsir göstərir. Belə bir şəraitdə məşğulluq imkanlarının artırılması üçün dövlət hansı addımları ata bilər? Sahibkarlara faizsiz kreditlərin və subsidiyaların verilməsi iş yerlərinin sayının artmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, dövlət artıq sahibkarlığın inkişafı istiqamətində müəyyən maliyyə mexanizmlərindən istifadə edir.

“Dövlət onsuz da Sahibkarlığın İnkişafı Fondu xətti ilə sahibkarlara kreditlər verir. Amma faizsiz kredit dövlət verə bilməz. Bu kreditlər, o cümlədən, iş yerlərinin artmasına səbəb olmalıdır. Lakin təbii ki, bu, nəticə vermir”, – deyə ekspert bildirib.
Ə.Həsənovun sözlərinə görə, əsas problem iqtisadi artımın kifayət qədər yüksək olmamasıdır. İqtisadi aktivliyin zəifləməsi sahibkarların yeni investisiyalar yatırmasına və əlavə işçi qüvvəsi cəlb etməsinə də mane olur.
“Çünki ölkədə iqtisadi böhrandır. Hazırda yarımilliyin nəticələri də göstərdi ki, artım yoxdur. Artım olmadığı üçün iş yerləri də artmır. Biz buna hazır olmalıyıq. Yaxın illərdə bu problem bir qədər də dərinləşəcək”, – deyə iqtisadçı vurğulayıb.
Ekspertin fikrincə, yeni iş yerlərinin yaradılması üçün yalnız sahibkarlara ucuz və ya faizsiz kreditlərin verilməsi kifayət deyil. Dövlət dəstəyinin daha hədəfli və nəticəyönümlü mexanizmlər əsasında həyata keçirilməsi vacibdir.
“Belə mexanizmlər sırasında yeni işçi qəbul edən müəssisələr üçün sosial ödənişlərə güzəştlər, əməkhaqqı subsidiyaları, vergi stimulları, startaplara qrantların verilməsi, kiçik və orta biznes üçün zəmanət mexanizmlərinin genişləndirilməsi və ixracyönümlü istehsala dəstək kimi tədbirlər nəzərdən keçirilə bilər.
Bundan başqa, dövlət sifarişlərinin yerli sahibkarlara yönəldilməsi, yeni istehsal sahələrinin yaradılması, regionlarda sənaye və xidmət sektorunun inkişaf etdirilməsi də məşğulluğun artırılmasına şərait yarada bilər.
Çünki iqtisadiyyatda dayanıqlı yeni iş yerlərinin yaradılması üçün əsas şərt yalnız kreditlərin verilməsi deyil. Həmin kredit hesabına qurulan biznesin istehsal etdiyi məhsul və göstərdiyi xidmətlərə real tələbin formalaşması vacibdir”, – deyə Ə.Həsənov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
