Azərbaycanın Əməkdar incəsənət xadimi beynəlxalq festivala dəvət edildi – FOTObackend

Azərbaycanın Əməkdar incəsənət xadimi beynəlxalq festivala dəvət edildi - FOTO

Qazaxıstanın Aktau şəhərində “II Abiş Alemi Teatr Festivalı” keçirilir.

KONKRET.az “AzərTAC”a istinadən xəbər verir ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi ölkələrin də iştirak etdikləri festivala Türkiyə tərəfindən fəxri qonaq qismində bu ölkədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da dəvət edilib.

Festivalda iki qardaş ölkəni təmsil etmək imkanını əldə etdiyi üçün qürur hissi keçirdiyini bildirən aktrisa dəvətə görə TÜRKSOY-un keçmiş Baş katibi Düsen Kaseinov və Qazaxıstanın Manqistau vilayətinin icra başçısı Nurlan Naqoyevə minnətdarlığını bildirib.

Məlahət Abbasova deyib: “Festivallar ölkələr arasında mədəni əlaqələrin güclənməsi, teatr və kino sənətinin, eləcə də ədəbiyyatın təbliği, sənət adamlarının qarşılıqlı tanışlığı baxımından böyük əhəmiyyətə malikdir. İnsanlar arasında danışıq dilləri fərqli olsa da, mədəniyyət bizim ortaq dilimizdir. Mən İstanbul Teatr Məkan Festival Komitəsinin üzvüyəm. Burada gördüyüm ən böyük işlərdən biri bu festivallarda Azərbaycan başda olmaqla, bütün türk dövlətlərini bir araya gətirməkdir. İlk dəfə olaraq bütün türkdilli dövlətləri festivala dəvət etmişdik və bu tamaşalar çox böyük uğurla nümayiş etdirildi. Elə bu baxımdan da Aktaudakı festivalda iştirakımı həm də işgüzar səfər kimi dəyərləndirirəm. Belə ki, İstanbul Şəhər Teatrları tərəfindən 2023-2024-cü illər üçün yeni festival planlaşdırılır. Buradakı teatrlardan da bizim festivala dəvət alacaqlar”.

Festivalda Azərbaycanın Aktaudakı Baş konsulu Elmar Məmmədov da iştirak edib.

Qeyd edək ki, türkdilli dövlətlər arasında festivalların keçirilməsi təşəbbüsü ilk dəfə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*