backend

Azərbaycanla Ermənistan arasında silahlı toqquşmalar qaçılmaz olacaq – AÇIQLAMA 

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri ilə başa çatdı. Lakin ermənilər hələ də bu məğlubiyyəti qəbul edə bilmir. Elə buna görə də azad edilmiş ərazilərimizdə erməni təxribatlarının ardı-arası kəsilmir.

Bu günlərdə Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər Azərbaycanın elektrik xətti çəkməsinə mane olmağa çalışıb. Separatçıları təmsil edən Martiros Akopyan bildirib ki, Azərbaycan tərəfi kəndin içindən elektrik xətti çəkmək üçün dirək basdırmağa hazırlaşıb, lakin Ermənistan tərəfi isə buna mane olub.

Maraqlıdır, ermənilər bununla nəyə nail olmaq istəyir? Azərbaycan bu istiqamətdə hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı KONNKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, Laçın koridoru dərhal bağlanmalıdır:

“Bu gün Ermənistanda baş verən etirazların və iğtişaşların fonunda Qarabağda erməni xalqı adında gizlənən qüvvələr var. Həmin qüvvələr ərazidən çıxarılmayana və tərk-silah olunmayanadək belə hadisələr davam edəcək. Azad edilmiş ərazilərdə mülki şəxs adı altında çoxsaylı silahlı qüvvələr var. Onlar Rusiya sülhməramlılarının gözü özündə fəaliyyət göstərir. Belə təxribatlar əvvəl də olub. Bundan sonra da olacağı istisna deyil. Hesab edirəm ki, bütün bunların qarşısını almaq üçün ilk növbədə Laçın koridoru dərhal bağlanmalıdır. Orada Azərbaycanın güc strukturlarının əməkdaşları yerləşdirilməlidir”.

Ekspertin fikrincə, təxribatların qarşısı alınmazsa yaxın günlərdə silahlı toqquşmalar qaçılmaz olacaq:

“Ermənistan keçid yollarda öz güc strukturlarını yerləşdirib. Laçın koridoru bağlanmayana qədər təxribatçı qüvvələr Qarabağ ərazisinə asanlıqla daxil ola biləcək. Təkcə Laçında yox, Ağdərədə, Xankəndidə də belə təxribatlar davam edəcək. Hesab edirəm ki, Azərbaycan Rusiya və Ermənistana öz qəti fikrini bildirməli və tələblərini irəli sürməlidir. Çünki 10 noyabr bəyanatında bu bəndlər qeyd olunub. Lakin sazişin bəndlərinə əməl olunmur. Bu isə digər ərazilərdə də təxribatlara gətirib çıxarır. Əgər belə təxribatların qarşısı alınmazsa, yaxın günlərdə silahlı toqquşmalar qaçılmaz olacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*