Azərbaycanlı analar Kanadada Bərdə və Gəncə terroruna etiraz ediblər – FOTOLARbackend

Azərbaycanlı analar Kanadada Bərdə və Gəncə terroruna etiraz ediblər - FOTOLAR

Oktyabrın 30-da Kanadanın Ontario vilayətinin qanunvericilik məclisinin binası önündə Toronto şəhəri və ətrafında yaşayan azərbaycanlı anaların etiraz aksiyası keçirilib.

Kanadada fəaliyyət göstərən Azərbaycan icmasını təmsil edən xanım soydaşlarımız Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə və bu ədalətsizliyin 30 ilə yaxın davam etməsinə etiraz səslərini ucaldıblar.

Görkəmli kanadalı siyasətçi Ceyms Uitninin abidəsinin önündə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə çinayəti nəticəsində Bərdə və Gəncə şəhərlərində qətlə yetirilən azərbaycanlı uşaqlara ithaf olunmuş guşə yaradılıb. Şəkillərin önünə güllər, oyuncaqlar düzülüb və şamlar yandırılıb. Terror qurbanlarının şəkilləri “Ermənistan bunu edir” xəbərdarlığı ilə müşayiət olunub.

Tədbirdə Azərbaycan və Kanada bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terroruna son!” “Ermənistan təcavüzünü dayandırın!” və sair şüarlar nümayiş etdirilib.

Aksiyada azərbaycanlı anaların Ontarionun qanunverici məclisinin spikeri Ted Arnota müraciəti oxunub. Müraciətdə öz torpaqlarının işğaldan azad olunmasını tələb edən Azərbaycana qarşı əyalət parlamenti deputatlarının birtərəfli və qərəzli mövqe tutmasına etiraz bildirilib. Buna nümunə olaraq Qurratan Sinqhin mövqeyi göstərilib.

“Toronto şəhəri və ətrafında yaşayan Azərbaycan icmasını təmsil edən analar 20 faiz torpağının işğal olunduğu tarixi Vətənimizin əzabını və ağrısını nəzərə almağınızı Sizdən xahiş edirlər. 30 il ərzində biz heç bir nəticəsi olmayan sülh danışıqlarını səbirlə gözlədik. Analar hələ də erməni hərbçilərinin Xocalıda törətdikləri hərbi cinayətlərə görə ədalət mühakiməsinin qarşısında nə zaman dayanacaqları günü gözləyirlər. Biz həmçinin onlarla dinc sakinin həlak olması ilə nəticələnən Tərtər, Gəncə, Bərdə kimi şəhərlərimizin raket atəşinə tutulmasını pisləyirik”, – deyə müraciətdə vurğulanıb.

Aksiya iştirakçıları spikerdən bütün siyasətçiləri, xüsusilə də Q.Sinqhi azərbaycanlı anaların mövqeyini nəzərə almalarına çağırmağı xahiş ediblər. Müraciətlə yanaşı, Kanadada Azərbaycan icmasının üzvlərinə nifrət zəminində hücumlarla bağlı sorğunun nəticələri də spikerə təqdim olunub.

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*