![](https://konkret.az/cloud/uploads/2020/04/Ildirim_Musayev-e1574841993903-252x252-1-150x150.jpeg)
Bu gün Aktauda 2024-cü ilin dekabrın 25-də baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasında həlak olanların anım mərasimi keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbiri Manqistau vilayətinin akimatı və azərbaycanlı iş adamı Amil Yusifov təşkil edib.
Tədbirdə Manqistau vilayətinin sədri Nurdaulet Kilybay, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Alim Bayel, Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı, həlak olan qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, Aktau şəhərinin xilasetmə əməliyyatlarında iştirak edən qurumlar, sakinlər iştirak ediblər.
Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub.
Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb. N.Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.
Azərbaycanın Qazaxıstandakı səfiri A.Atamoglanov faciənin hər kəsin qəlbində dərin iz qoyduğunu diqqətə çatdırıb: “Ancaq demək istəyirəm ki, faciə bizi bir araya gətirdi. Biz qardaş xalqlar olduğumuzu dünyaya sübut etdik. Və bu sözdə deyil, əməldə olur. Biz bunu öz gözlərimizlə burada, Aktauda gördük. Biz qəzadan dərhal sonra lazımi tədbirləri görən və xəsarət alan sərnişinlərin xilas edilməsində fəal iştirak edən xilasedicilərə, peşəkar tibb işçilərinə, eləcə də hər cür köməklik göstərən bütün Qazaxıstan vətəndaşlarına dərin minnətdarlığımızı bildiririk”, – diplomat vurğulayıb.
Diplomat səfirlik adından Amil Yusifova Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı və möhkəmlənməsinə verdiyi töhfəyə görə təşəkkür məktubu təqdim edilib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən də müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın Türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin faciədən sonra ölkələrimiz arasında dostluq və qardaşlığın daha da möhkəmləndiyi barədə sözlərini xatırladıb. Bu kontekstdə o qeyd edib ki, Qazaxıstan tərəfi azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təklifini minnətdarlıqla qəbul edib.
Tədbir çərçivəsində həlak olmuş qazaxıstanlıların yaxınlarına azərbaycanlı iş adamı Amil Yusifov tərəfindən Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarları təqdim edilib. Eyni zamanda Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya və Aktau təcili yardım və təcili tibbi yardım stansiyasına üç yeni avtomobil bağışlayıb.