KONKRET. az xəbər verir ki, Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında Amerika-İran münasibətlərinin müharibə həddinə gəlməsini şərh edib:
“Süleymaninin öldürülməsi bir gerçəyi ortaya çıxartdı: Biz bölgəmizdə gedən prosesləri bilmir və öyrənmirik. Belə situasiyalarda hansı siyasəti sərgiləyəcəyimizi bilmirik. Ermənistan, gördünüzmü, bu qədər yardımların müqabilində bir anın içində qarşı tərəfin – ABŞ-ın yanında yer aldı. Çünki bu ölkədə mənafe naminə siyasi manevr etməyi bacarırlar. Paşinyan məgər bilmir ki, elədiyi hərəkət İrana xəyanətdir? Bilir, amma onu da bilir ki, İran artıq hər sahədə məğlub durumdadır. Onun iki nömrəli adamını vurub öldürürlərsə, demək ona “stavka” etmək yanlış siyasət olacaq” – deyə şərhçi əlavə dedib.
Qafar Çaxmaqlı bildirib ki, özünü məlumatlı hesab edən toplumumuz hələ də ağı qaradan seçə bilmir. Politoloqun sözlərinə görə, hər kəs Süleymanini tanımalı idi. Belə olsaydı hazırda Süleymaninin dost yoxsa düşmən olduğu sualı ortaya çıxmazdı:
“Demək, bizim çox şeydən xəbərimiz olmadığından politik açıdan da naşı görünürük. Və bu qədər müzakirələr heç nəyi, hətta çılpaq gerçəkləri də ortaya çıxarmır. Azərbaycanlıları “eşşək” adlandıran Süleymani kimi birisinə yas tuturlar. Türkiyədə isə bu olaya daha çox siyasi prizmadan baxırlar”.
Qafar Çaxmaqlı onu da əlavə edib ki, ABŞ birmənalı şəkildə göstərdi ki, bu regionda daha əvvəldən müəyyən etdiyi siyasətindən vaz keçməyəcək. Böyük Ortadoğu proyekti davam edəcəkdir və sırada İrandır.
“İran isə ABŞ-la açıq savaşa girməkdən çəkinir və hətta müharibə qaçılmaz olsa, İran düşünür ki, ABŞ-la İraq ərazisində qarşı- qarşıya gəlsin. İrana müharibə alovları sıçramasın. Bu isə mümkün olmayacaq. Bu gün olmasa da ABŞ İranı istədiyi vəziyyətə gətirəcək. Müharibə qaçılmazdır. İranın hay-küyü boş şeydir. Ölüm-qan istəmirsə Amerikanın dediklərini etməlidir. Bu və başqa şəkildə Türkiyə də bölgəsəl güc olan müttəfiqin yanında yer almalıdır. Bəzi Türk politoloqlar deyirlər ki, Türkiyə İranın yanında yer almalıdır. Bunun üçün heç bir əsas yoxdur. İranın hansı Türkiyə yanlısı və yaxud Azərbaycanpərəst siyasətinə görə? Türk düşməni Ermənistana qucaq açdığına görəmi? Bizlər bunlardan dərs çıxarıb İranda, xüsusən Cənubi Azərbaycanda olası prosesləri doğru oxumağa hazır olmalıyıq. Hazırıqmı? Deyərdim ki, yox. Süleymani ilə bağlı fikir ayrılıqları da göstərir ki, biz hansı proseslərin və nə şəkil alacağını işləyib hazırlamamışıq. Nədir bizim strategiyamız? Bunu heç bir dövlət yetkilisi söyləyə bilməz”.
Politoloqun sözlərinə görə, bu olaylar Türkiyənin Liviyaya əsgər göndərmə hadisəsini bir qədər arxa plana keçirdi. Lakin Türkiyənin milli maraqları Liviyaya əsgər göndərməsini gərəkdirir deyə siyasi şərhçi əlavə edib.
