Bakı Musiqi Akademiyasının tələbəsi İspaniyada keçirilən müsabiqədə I yeri tutub – VİDEObackend

Bakı Musiqi Akademiyasının tələbəsi İspaniyada keçirilən müsabiqədə I yeri tutub - VİDEO

Qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yaradıcı gənclərimiz beynəlxalq arenada uğurlar qazanmaqda davam edirlər.

Belə istedadlı gənclərdən biri də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano ifaçılığı ixtisası üzrə “Sabah” qrupunun II kurs tələbəsi Fidan Yunusdur. Bu günlərdə Fidan Yunus İspaniyada onlayn formatda keçirilən “World Art Games” beynəlxalq müsabiqəsində iştirak edib. İnstrumental musiqi nominasiyası üzrə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Qaytağı” əsərini ifa edən gənc pianoçu 16–19 yaşarası kateqoriyada I yeri tutub.

Qeyd edək ki, Fidan Yunus BMA-nın “İxtisas fortepiano” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar artist Elnarə Kəbirlinskayanın sinfində təhsil alır.

Bu, gənc və istedadlı pianoçumuzun BMA-nın tələbəsi kimi qalib gəldiyi ilk müsabiqə deyil. Ötən ilin sonunda o, Gürcüstanda L.Bethovenin xatirəsinə həsr olunan və onlayn formatda keçirilən I Beynəlxalq pianoçular müsabiqəsində qalib gələrək, I yeri tutub. Gürcüstanda fəaliyyət göstərən “Harmoniya” Folklor və Klassik Musiqinin İnkişafı Birliyinin təşkil etdiyi həmin müsabiqədə Fidan, alman bəstəkarı Lüdviq Van Bethovenin  “Pathetique” sonatasını və Tofiq QuliyevinQaytağı” əsərini ifa edib. 2020-ci ildə Barselonadakı “Rus Alborada” V beynəlxalq müsabiqəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Sənsiz” romansını və rus bəstəkarı Sergey Raxmaninovun 7 saylı etüd-lövhəsini ifa edərək II yerə layiq görülüb.

2019-cu il dekabrın 24–25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-ifaçılıq konfransında Fidan tələbə yoldaşı Ülkər Məmmədova ilə birlikdə ansambl üzrə II yeri tutub. Həmin konfransda pianoçular Antonin Dvorjakın “Slavyan rəqsləri” və Tofiq Quliyevin “Fantaziya” əsərlərini ifa ediblər. 2020-ci ildə isə bu duetin ifası Polşada “İstedadlıların kaleydoskopu” XIII beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Həmin dönəmdə BMA tələbələrinin ansambl üzrə müəllimi Cəmilə Əmirova olub.

Xatırladaq ki, Fidan pianoçu kimi ilk uğurunu 2014-cü ilin dekabrında Macarıstanda keçirilən “Milad işıqları” beynəlxalq festivalında qazanıb. Festivalda Azərbaycan bəstəkarı Zakir Bağırovun “Sehrbaz” və amerikalı bəstəkar Aaron Koplandın məşhur “Pişik və siçan” əsərlərini ifa edən 12 yaşlı Fidan münsiflər heyətinin böyük rəğbətini qazanmışdı. O, yarışın 10–12 yaşarası kateqoriyasında I yeri tutaraq Qızıl kubokla mükafatlandırılmışdı.

Gənc pianoçu Fidan Yunusun ifasında Tofiq Quliyevin “Qaytağı” əsərini aşağıdakı linkdən izləmək mümkündür:

Səid CƏFƏROĞLU,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*